Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...
Azərbaycanda sahibkarlığı inkişafı, biznes mühitinin əlverişliyilinin artırılması üçün məqsədyönlü dövlət siyasət yürüdülür. Məlumdur ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması yönündə həm qanunvericilik, həm də digər sahələrdə addımlar atılır.
Müşahidələrdən də, beynəlxalq reytinqdən məlumdur ki, ölkəmizdə bu sahədə münbit şərait yaradılıb və vətəndaşlarımız çox rahatlıqla biznes fəlaiyyəti qurur, işlərini həyata keçirir. O da məlumdur ki, biznes mühiti ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması da daimi müzakirə olunur.
Biznes mühitilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də ciddi addımlar atılır.
Biznesin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı fərman...
Dekabrın 23-də Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.
Fərmanda qeyd edilir ki, Biznesin İnkişafı Fondunun nizamnamə fondunun məbləği 1 milyard 180 milyon 929 min 648 manat təşkil edəcək.
Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
Fond əmlakından yalnız Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrə yerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəst vəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlar alınmasına yönəltmək hüququna malikdir.
Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.
Bu, biznesə, sahibkarlığa real olaraq nə verəcək?
Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırkı şəraitdə Azərbaycanda iqtisadiyyatın durumuna uyğun olaraq, Biznesin İnkişafı Fondunun fəaliyyətə başlaması, onun fəaliyyətinin təkmilləşdirilməsi təqdirəlayiq haldır. “Mən bu Fərmanda əsasən, Biznesin İnkişafı Fonduna müstəqilliyin verilməsini təqdir edirəm. Bu çox müsbət haldır. Hökumətin bu addımı şəraitə uyğun olaraq düzgün atılmış addımdır. Fond müəyyən kriteriyalar daxilində müstəqil qərarlar vermək imkanına malik olacaq. Digər tərəfdən, Fondun kifayət qədər geniş nizamnamə kapitalı, kifayət qədər maliyyələşmə mənbələri mövcuddur. Ona görə də hesab edirəm ki, Biznesin İnkişafı Fondu qarşıdakı dövr ərzində həm ölkənin regionlarında, o cümlədən, işğaldan azad olunmuş rayonların ərazisində fəalliyət göstərən yeni qurulmuş biznes strukturlarına, yəni biznesə yeni başlayan sahibkarlara dəstək olacaq, onlara maliyyə yardımları göstərəcək, onlarla birlikdə layihələr həyata keçirəcək. Fonda bu imkan da verilir ki, həm sahibkarlara dəstək versin, həm də biznes layihələrinin hazırlanmasında, biznes layihələrinin idarə edilməsində, biznes layihələrinin qəbul olunması məsələsində müəyyən məsləhətlərin verilməsində, istiqamətlərin müsbətə doğru dəyişdirilməsində yardım edilməsini həyata keçirəcək. Yəni Fondun mütəxəssisləri bu istiqamətdə iş adamlarına, biznes struktirlarına yardımçı olacaqlar”.
“Bu xüsusən də mini və kiçik biznesin inkişafına böyük dəstək olacaq”
A.Nəsirli hesab edir ki, bu Fondun fəaliyyətə başlaması nəticəsində ölkədə ilkin mərhələdə mini və kiçik biznesin inkişafına kifayət qədər dəstək göstərilə biləcək. “Bu xüsusən də mini və kiçik biznesin inkişafına böyük dəstək olacaq.
Amma bununla yanaşı hesab edirəm ki, ölkədə vergi yükünün azaldılması ilə bağlı hazırda müzakirə edilən “Vergu Məcəlləsinə” ciddi dəyişikliklər edilməlidir. Mini və kiçik biznes strukturlarının vergi yükü bir qədər azaldılmalıdır. Biz bir tərəfdən mini və kiçik biznesə dövlət dəstəyi veririk, bu çox müsbətdir. Başqa bir məsələ də var ki, bu Fərmandan sonra bizneslə məşğul olan strukturların vergi yükü azaldılması zərurətə çevrilib. Məsələn, keçən il onların vergi yükü artırılıb, əvvəlki illərdə də müxtəlif vergi yüklərinin artırıldığının şahidi olduq. Ona görə də, hesab edirəm ki, bu fərmanın davamı olaraq mini və kiçik biznes strukturlarının vergi yükünün azaldılması istiqamətində ciddi addımlar atılmalıdır”-deyə qeyd edən A.Nəsirlinin fikirincə, bizneslə məşğul olan vətəndaşlara dövlət dəstəyinin genişləndirilməsi müsbət haldır. O vurğuladı ki, biznes fəaliyyəti ilə məşğul olanların əsas istəyi vergi yükünün azaldılması ilə bağlıdır. Bununla belə, A.Nəsirli hesab edir ki, Prezidentin imzaladığı Fərman bütün mənalarda ölkənin biznes mühitinin daha da inkişaf etməsinin, onların qayğı ilə əhatə olunmasının təzahürüdür. O qeyd etdi ki, Biznesin İnkişafı Fondu ilə bağlı Prezident Fərmanı əsasən də mini və kiçik sahibkarlığın inkişafına, bu istiqamətdə biznes mühitinin genişlənməsinə imkan verir. O vurğuladı ki, bütün hallarda bu biznes strukturlarının fəaliyyətinə böyük stimul verir, bu mühiti daha da canlandırır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.