İsa Qəmbər böyük siyasətə hansı ümid və şanslarla qayıdır?..
AXC hakimiyyəti dönəmində parlamentin sədri olmuş və sonradan uzun müddət Müsavat Partiyasına rəhbərlik etmiş İsa Qəmbər yenidən siyasətə qayıdır. Bu xəbər artıq rəsmən təsdiqini də tapıb.
Əvvəlcə martın 30-da Musavat Məclisi öz qərargahında iclas keçirdi. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış etdi.
Çıxış edən Divan üzvləri Məclis sədrinin təklifini dəstəklədiklərini vurğuladılar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırıldı.
İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirdi. Sonra mediada İsa Qəmbərin yenidən başqanlığa qayıtması ilə bağlı geniş müzakirələr aparıldı. Hamını bir sual düşündürürdü: İsa Qəmbər niyə və hansı məqsədlə qayıdır? İsa Qəmbər bu suala konkret cavab vermirdi, hətta belə sualları bir qədər də aqressiya ilə qarşılayırdı. Sanki “ belə də olmalıdır, burada qəribə nə var ki?”,- demək istəyirdi. Ancaq burada maraqlı olan çox mətləblər var. Çünki 2014-cü ildən partiyanın idarə edilməsini Arif Hacılıya həvalə edən bu adamın gözü qabağında tam reanimasiya vəziyyətində olan bir siyasi təşkilat varsa, onu hansı maraq yenidən başqan olmağa sürükləyə bilər?
İsa Qəmbərin ambisiyaları böyükdür. Hətta belə fikirıər dəfələrlə səslənib ki, o, AXC hakimiyyəti dönəmində Müsavatı yaratmaqla ikitirəliyin əsasını qoydu və Elçibəy hakimiyyətinin süqutunda bu amilin də mühüm rolu olub. İsa Qəmbər Müsavat Partiyasının ən güclü dönəmində hakimiyyətə gələ bilmədisə, belə vəziyyətdə onun prezident ola bilmək şansı sıfırın altında görünür. Bəllidir ki, indiki məqamda İlham Əliyev haqlı olaraq siyasi karyerasındakı yüksəlişin ən pik dönəmini yaşayır. O halda, kifayət qədər təcrübəsi olan İsa Qəmbər təntənəli şəkildə yenidən siyasətə qayıtmaqla hansı dividendləri əldə etmək istəyir? Bununla bağlı bir neçə ehtimal səslənir. Birincisi budur ki, Cənubi Qafqaz uğrunda Rusiya ilə Qərb arasında gedən savaş açıq müstəviyə keçir. Belə olan təqdirdə Qərb dairələri klassik müxalifət qanadından olan namizədlərə dəstəyi artıra bilərlər. Ya İsa Qəmbərin qulağına kimsə bunu pıçıldayıb, ya da özü növbəti yaxşı siyasi bazarlıq üçün özünü vitrinə daşıyır. İkinci ehtimal budur ki, İsa Qəmbər yeni formalaşacaq parlamentdə müxalifətin radikal qanadının təmsilçisi kimi mandat əldə etmək istəyir. Ehtimal var ki, parlamentin yeni konfiqurasiyasında konstruktiv müxalifətlə yanaşı, hakimiyyətə qarşı bir qədər sərt mövqedə olan liderlərə də mandat kvotası ayrıla bilər. İsa Qəmbər bilir ki, parlamentdə təmsilçiliyi o fərd kimi deyil, tarixi bir partiyanın sədri olaraq daha asan əldə edə bilər. Bu inandırcıdır. Çünki hakimiyyətə də sərf edər ki, İsa Qəmbər kimi “bitmiş” bir siyasətçinin obrazında “parlementdə radikal müxalifət yoxdur” kimi tənələrdən xilas olsun. Digər bir versiya isə İsa Qəmbərin Müsavatı Əli Kərimlinin mədəni işğalından xilas etmək niyyətidir. Çünki məlumdur ki, formal müsavatçı olan Tofiq Yaqublunun ürəyi daha çox AXCP ilə döyünür. Hətta bəziləri Tofiq Yaqublu amilini Əli Kərimlinin Müsavata basdırdığı mina kimi xarakterizə edir. Belə fikirlər səslənirdi ki, AXCP Arif Hacılıdan sonra partiyanın başına Tofiq Yaqublunun gəlməsində maraqlı olub və bu planın reallaşmasıma Yaqublunun həbsi mane oldu. Bu baxımdan da İsa Qəmbər və onun ətrafı düşünür ki, neçə ki Tofiq Yaqublu həbsdədir, bu məsələni birdəfəlik həll etsinlər.
Sadaladığımız səbəblərin hər biri inandırıcı görünə bilər. Ancaq məlum olan budur ki, bu motivlərin heç biri İsa Qəmbəri hakimiyyət üçün real alternativə çevirə bilməyəcək. Olsa-olsa, bir mandat əldə edib, Müsavata parlament partiyası statusunu qazandıracaq və buna görə də dövlətdən partiyası üçün maliyyələşməni təmin edəcək.
Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
Məhəmmədəli QƏRİBLİ