Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...
Kamran Məmmədli: “Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək”
Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişafı ilə bağlı genişmiqyaslı strategiya hazırlayır. Bunu Agentliyin Aparat rəhbəri Kamran Qasımov Bakıda keçirilən Səhiyyə İdarəçiliyi Zirvəsində bildirib.
Ekspertlər hesab edir ki, strategiyanın qəbulundan sonra bu sahədə daha sistemli yanaşma təmin ediləcək və tibbi turizm üzrə beynəlxalq bazarlarda rəqabət qabiliyyəti gücləndiriləcək. Bu strategiya tibbi turizmin inkişafına şərait yaradacaq. “Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.
Maraqlıdır, bu yenilik turistlərlə xəstəxanalar arasında gizli sövdələşmə olacaqmı? Belə bir risq nə dərəcədə mümkündür?
“… yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tibbi turizmin kifayət qədər güclü biznes və gəlir imkanları var. Tibbi turizmin həm biznes, həm də Azərbaycanın imici baxımından inkişafı lazımdır: “Bəzən insanlar tibbi turizmlə sağlamlıq turizmini qarışdırır. Əslində isə onlar fərqlidir. Belə ki, tibbi turizmdə əsasən “check-up” paketləri və hansısa əməliyyatlar nəzərdə tutulur. Məlumat üçün deyim ki, Azərbaycana ayrı-ayrı ölkələrdən insanlar tibbi məqsədlərlə səyahət edirlər. Azərbaycana daha çox Orta Asiya və Şərqi Avropa ölkələrindən səyahət edirlər. Tibbi turizmin inkişafı üçün sistematik yanaşma da önəmlidir. Hər hansı bir cərrahın uğurlu əməliyyatı təkcə onun yox, komanda yoldaşlarının da müsbət nəticəsidir. Lakin hansısa bir tibbi prosesin uğurlu olması, hələ ümumi prosesin uğurlu olması demək deyil.
Turizm sərgilərində Azərbaycanda tibbi turizmin doğru şəkildə təbliği gələcəkdə tibbi turistlərin ölkəyə axınına xidmət edə bilər. Çünki hər hansı bir tibbi məqsəd üçün gələn turist ölkəni ziyarət etmiş, tanımış olur. Bu da ümumilikdə ölkə turizminin inkişafına müsbət təsir göstərir. Tibbi xidmətlərdən istifadə edən turistlərin ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri alması da turizmin inkişafına səbəb olacaq. Ehtimal edilir ki, bu yenilik bir sıra risqlərə səbəb olacaq. Belə ki, xəstəxana rəhbərliyi tam şəkildə ƏDV-ni turistə geri qaytarmayacaq. Bu mümkün deyil. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur. Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətdən istifadə edirsə, ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək”.
Günel CƏLİLOVA