İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək
İranda milli valyuta dəyişikliyi sürətlə reallaşır. Belə ki, İran əskinaslarından dörd əlavə sıfır silinəcək və rəsmi pul vahidi “İran rial”ı “İran tümən”i ilə əvəz olunacaq. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Agentliyin məlumatında deyilir ki, layihə Nazirlər Kabineti tərəfindən 2019-cu ilin yayında təklif edilib və təsdiqlənib, lakin artıq İran prezidenti Məsud Pezeşkian onu təcili olaraq parlamentə təqdim edib. İslahatın məqsədi xroniki inflyasiya və valyutanın alıcılıq qabiliyyətinin aşağı olması nəticəsində yaranan problemlərlə mübarizə aparmaqdır.
Qanun layihəsinin mətnində deyilir ki, İranın milli valyutası “tümən” olacaq ki, bu da hazırda qüvvədə olan 10 min riala və 100 parseyə bərabər olacaq. Yeni sistemə keçidi asanlaşdırmaq üçün iki il müddətində “keçid dövrü” olacaq və bu müddət ərzində ödəniş üçün həm tümən, həm də rialdan istifadə etmək olar”, - deyə nəşr yazır.
Xatırladaq ki, indi İran rialı çox ucuz valyutadır: bir dollar 420 min rialdan bahadır (İran Mərkəzi Bankının məzənnəsi ilə), bazarda dolların qiyməti rekord həddə - 770 min riala çatıb. Dörd sıfırın aradan qaldırılması hesablamaları asanlaşdırmalıdır.
Mətləb Salahov