Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...
Vüqar Bayramov: “Azərbaycan orta güc ölkəsi olaraq regional proseslərə pozitiv töhfə verir”
Bu gün həyatımızda baş verənlər, görülən işlər, gerçəkliklər göz önündədir. Çünki yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanındı, həm də daha sürətlə dəyişən ölkə imici qazandı. Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı uğurlara imza atsın. Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır.
“Azərbaycanın iqtisadi, siyasi baxımdan, eyni zamanda geosiyasi və geoiqtisadi mövqeyi də güclənib”
Azərbaycanın regional gücə, dünyada orta güc potensialına malik ölkəyə çevrilməsinin əhəmiyyəti haqqında fikir bildirən millət vəkili Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, Azərbaycan dünyada orta güc potensialı olan dövlətlərdən biri hesab olunur: “Nəzərə almaq lazımdır ki, orta güc regional məsələlərə təsir imkanı və qlobal çağırışlara reaksiya ilə müəyyənləşir. Azərbaycanın iqtisadi, siyasi baxımdan, eyni zamanda geosiyasi və geoiqtisadi mövqeyi də güclənib. Bu halın verdiyi imkan nəticəsində Azərbaycan regional məsələlərə təsir imkanlarını xeyli genişləndirib. Onu da deyim ki, Azərbaycanın regionun təhlükəsizliyinə təsir imkanı xeyli genişlənib. Bir tərəfdən ölkəmiz regionun təhlükəsizliyinə töhfə verir, digər tərəfdən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə regionda yeni düzənin formalaşması reallaşdı”.
Millət vəkili xüsusi olaraq qeyd etdi ki, Azərbaycan orta güc ölkəsi olaraq regional proseslərə pozitiv töhfə verir. COP29-un ölkəmizdə keçirilməsi, enerji nəqliyyat sahəsində qlobal layihələr böyük əhəmiyyətə malikdir. Bu kimi faktlar ondan xəbər verir ki, Azərbaycan orta güc olaraq məhz regional dəyişikliklərdəki prosesləri pozitiv istiqamətə yönəldir.
Günel CƏLİLOVA