Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...
Müşfiq Ələsgərli: “Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması “feyk xəbər”lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilib”
Biz gün ərzində bəzən onlarla saxta məlumatla rastlaşırıq. Əlbəttə, bir çoxlarımız saxta informasiyanı tanımaqda çətinlik çəkirik, elə o səbəbdən də belə yalan xəbərlərin “toruna” düşürük. Nəzərə alsaq ki, sosial şəbəkələrdə, bütövlükdə sosial mediada, hətta bəzi saytlarda da saxta xəbərlərə rast gəlirik, bu, sözün həqiqi mənasında ciddi problem kimi qarşımızda durur.
Saxta informasiyanı necə müəyyənləşdirmək olar? Bunu necə müəyyən etmək mümkündür? Bunun hansı yolları, hansı üsulları var?
Ekspertlərə görə, saxta xəbəri ayrıd etmək üçün ilk növbədə media savalılığına malik olmaq lazımdır. Media savadlılığı olmadan biz saxta xəbəri tanıya bilmərik.
Ekspetlər hesab edir ki, hazırkı xəbər bolluğunda informasiyanın etibarlılığını yoxlamaq, müəyyənləşdirmək üçün media savadlılığı vacibdir. Media savadlılığına malik olan adam dərhal xəbərin mənbəyini araşdırır, onun hardan qaynaqlandığını öyrənir və bununla da o xəbərin doğru, yoxsa feyk olduğunu öyrənmiş olur.
“Saxta xəbər”in yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Netiket”, “Kodeks” və “Xartiya”larla yanaşı, texniki alətlərin tərtibinə də önəm verilir”
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli baki-xeber.com-a şərhində bildirdi ki, “Fake news” (saxta xəbər), “Misinformation”, “Disinformation” və digər bu kimi terminlər ənənəvi olaraq, sinonim qismində işlədilir. “Ümumi cəhətləri budur ki, cəm halında xəbərin yalan olduğunu, saxtalığını ifadə edirlər. Amma müasir media nəzəriyyələri bu terminləri bir-birindən ayırır. “Saxta xəbər”i (Fake news) yayılma şərtinə, niyyət və məzmununa görə növlərə bölürlər. Nəzərə almaq lazımdır ki, yanlışlığın xəbərə təsadüfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır. “Misinformation” üzrə təsnif edilən xəbərlərdə “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. Bir sözlə, “Misinformation” deyərkən, zərərli məqsəd, qərəzli niyyət güdmədən yayılmış “yanlış xəbərlər” nəzərdə tutulur. “Saxta xəbər”in (Fake news) növləri arasında ən ziyanlı olanı “dezinformasiya”dır. Digərlərindən fərqli olaraq, bu kateqoriya “bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları” nəzərdə tutur. Ekvivalent olaraq “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”-deyə M.Ələsgərli qeyd etdi.
M.Ələsgərli bildirdi ki, növündən asılı olmayaraq, “saxta xəbər”in son illər ərzində kəmiyyət baxımından sürətlə artması ona qarşı mübarizə tədbirlərinin görülməsini zərurətə çevirir. “Feyk xəbər”lə mübarizə tədbirləri 3 istiqamət üzrə təsnifatlaşdırılır.
İlk istiqamət maarifləndirmə və məlumatlandırma tədbirlərini ehtiva edir. Ehtimal olunur ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması “feyk xəbər”lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilib.
İnternet informasiya resurslarında etik prinsiplərin qorunması, yanlış xəbərlərin azaldılması üçün “Netiket” adlandırlan qaydalar toplusu hazırlanıb. “İnternet Sosiety” Təşkilatı 1995-ci ildə internet istifadəçiləri üçün təkmilləşdirilmiş kodeksi (“RFC-1855” Request for Comments) dərc edib. Bu kodeks internet informasiya resurslarında şəxsiyyət əleyhinə təhqir, plagiat halları ilə yanaşı, yalan informasiyanı da yasaqlayır. Paralel olaraq, Web-2 konsepsiyanın müəllifi Tim Oreyli və Vikipediya”sisteminin yaradıcısı Cimmi Uels tərəfindən “bloggerin davranış Kodeksi” adlı xüsusi kodeks tərtib olunub. 7 bənddən ibarət olan bu Kodeks insanı təhqir və təhdid edən, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edən, müəllif hüququnu pozan və nahəyət, yalan məzmun daşıyan kontentin yayılmasını yolverilməz sayır.
Ötən illər ərzində “Netiket”lərlə yanaşı, “Etik xartiya”lar da tərtib olunub. Beynəlxalq Jurnalistlər Federasiyası (JBF-IFJ) tərəfindən hazırlanan, 12 iyun 2019-cu ildən qüvvəyə minən “Jurnalistlərin Beynəlxalq Etika Xartiyası” təkcə media subyektlərində dərc edilən məlumatları deyil, həm də internet informasiya resurslarında yayılan məzmunu əhatə edir. Xartiya istənilən platformada yalan, saxta xəbərin tirajlanmasını pisləyir.
“Saxta xəbər”in yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Netiket”, “Kodeks” və “Xartiya”larla yanaşı texniki alətlərin tərtibinə də önəm verilir. Beləliklə, “Feyk xəbər”lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni texniki tətbiqlər gündəmə gəlir.
Məşhur “fakt yoxla” (Fact-checking) platforması bu məqsədlə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların yoxlanılmasına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. “International Fact-Checking Network” bu sahədə nümunəvi örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır”.
M.Ələsgərlinin bildirdiyinə görə, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (IFLA) isə insanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazırlayıb. “Sənəddə əks olunmuş 14 bənddən 2-si xüsusilə diqqət çəkir. Qeyd edilir ki, “Feyk xəbər”i gerçək xəbərdən fərqləndirmək üçün öncə müəllifin, sonra da istinad olunmuş mənbənin legitimliyini yoxlamaq lazımdır. Yəni, əgər mənbə və müəllif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır.
Amma tətbiq edilən bütün bu proqramlar, texniki alətlərin tətbiqi və maarifləndirmə tədbirləri saxta xəbərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi odur ki, “Fake news” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Legitim mənbə hesab olunan təsisatların özlərinin də bəzən dezinformasiya yayıcısı rolunda çıxış etmələri “feyk xəbər”i qarşısıalınmaz müşkülə çevrir. Problem qloballaşır və ona qarşı komleks proqramların hazırlanması, qanunvericilik müstəvisində mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, “Feyk xəbər”lə mübarizə tədbirlərinin 3-cü istiqaməti - hüquqi-inzabiti yolla tənzimləmə metodu ortaya çıxır. Bu baxımdan, ayrı-ayrı dövlətlər tərəfindən təşəbbüslər göstərilir. Məsələn, “Dezinformasiyaya qarşı mübarizə qanunu” formasında hüquqi aktlar tətbiq edilir”-deyə M.Ələsgərli vurğuladı.
İradə SARIYEVA