Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...
Tural İrfan: “Qəbiristanlıq rəsmi olaraq dolubsa, ora dəfn üçün açıq ola bilməz, bu problem uzun illərdir davam edir”
Sürətlə artan insan sayının yaratdığı yüzlərlə problemdən biri də ölüləri basdıra biləcəyimiz yerlərin dolmasıdır. Məlumatlara görə, artıq paytaxtdakı qəbiristanlıqlarda məzar yeri tapılmır. Şəhər sakinlərinin dediyinə görə, bəzi qəbiristanlıqlarda dəfn üçün yer tapmaq artıq müşkülə çevrilib.
Qeyd edək ki, məzar yeri problemi daha çox Bakıdakı köhnə qəbiristanlıqlarda müşahidə olunur. Xüsusilə Yasamal, Qurd Qapısı və Keşlə kimi ərazilərdə, demək olar ki, boş yer qalmayıb.
Qeyd edilən qəbiristanlıqlarda dəfn üçün yer yoxdursa, bu qəbiristanlıqların qapalı elan olunması mümkündürmü? Əgər qəbiristanlıqda yer yoxdursa orda yerin açıq olması nəyə lazımdır?
“İmkanlı adamlar böyük yerlər alır, sonra da dəllallar vasitəsilə satırlar, yerin olmadığını imkanı olmayan adamlara deyirlər”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhibdə bildirdi ki, qəbiristanlıqlarda qəbir yerləri satılır. Yəni alver gedir: “Əsasən də Bakıda. Həddən artıq bahalı yerlər satırlar. Bu bir biznesə çevrilib. İmkanlı adamlar böyük yerlər alır, sonra da dəllallar vasitəsilə satırlar. Yerin olmadığını imkanı olmayan adamlara deyirlər. Ancaq imkanlı adamlara o saat yer tapıb satırlar. Qəbiristanlıq rəsmi olaraq dolubsa ora dəfn üçün açıq ola bilməz. Bu problem uzun illərdir davam edir, ancaq həllini tapmır. Qəbiristanlıqlarda xaotik dəfn prosesi, standartlara uyğun olmayan məzar daşları yerləri məhdudlaşdıran amillərdəndir. Ən əsası isə, əlində səlahiyyəti və imkanı olanlar böyük yerləri götürüb hasara alıblar. Öləndə özlərinə qəsr, qəbirüstü saraylar, çərbənd və məqbərələr inşa edirlər. Standart qəbir daşları olmalıdır. Yerlər də səliqə ilə dəfn üçün hazırlanmalıdır. Qəbir yerləri üçün rüsum nəzərdə tutulmayıb. Adətən kasıb təbəqədən qəbir üçün pul alanda bəhanə edirlər ki, sən rayon qeydiyyatındasan. Ancaq faktiki olaraq belələri illərdir Bakıda yaşayan vətəndaşlardır.
Ümumiyyətlə, bu sahədə çox boşluq var. Lazımsa əlavə qəbiristanlıqlar üçün yerlər ayrılmalıdır. Çünki Bakıda 5 milyondan artıq insan yaşayır. Mövcud məzarlıqların çoxu da köhnə, artıq yerləri dolmuş kənd qəbiristanlıqlarıdır. Standart qəbir yerləri olmalıdı. Varlı, kasıb fərqi olmadan hamıya eyni yer verilməli və standart daşlar haqda qərar qəbul edilməlidir. Böyük ölçülü hasarlar və çıxar daşları yeri israf edir, çox zaman da ölü sahibləri əlavə yer zəbt edərək bunu həyata keçirirlər. Hesab edirəm ki, bu məsələlərlə bağlı daha mütərəqqi və işlək qanun qəbul edilməsinə böyük ehtiyac var”.
Günel CƏLİLOVA