D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?
Ceyhun Məmmədov: “Bu prosesə Azərbaycandan başlanması, heç şübhəsiz ki, ölkəmizin günü-gündən artan nüfuzundan irəli gəlir"
Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır.
Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.
Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030 illər yol xəritəsi” sənədində əks olunub.
D-8 təşkilatı yaranandan 27 il sonra genişlənmə siyasətini ilk dəfə niyə Azərbaycandan başladı? Başqa müsəlman dövlətini qəbul edə bilməzdilər?
“Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın D-8-ə üzv seçilməsi və genişləndirmə işinin Azərbaycandan başlanması təsadüfi deyil: “Məlum olduğu kimi, D-8 yarandığı gündən təşkilatın sıraları ilk genişlənib. Bu prosesə Azərbaycandan başlanması, heç şübhəsiz ki, ölkəmizin günü-gündən artan nüfuzundan irəli gəlir. Başlısacı isə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsidir”.
C.Məmmədov qeyd etdi ki, Azərbaycan D-8 təşkilatının Misir Ərəb Respublikasında keçirilən sammitində bu quruma üzv qəbul edildi. “Tədbirdə bir çox müsəlman ölkələrinin dövlət başçıları iştirak edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın bu təşkilata qəbul edilməsinin bu quruma daha da güc qatacağını qeyd etdi.
D-8 təşkilatı önəmli təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.
Bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır.
Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir.
Bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Bir müddət bundan əvvəl də Cənab Prezident Ərəb liqasına üzv təşkilatların zirvə sammitində müsəlmanlara qarşı ayrıseçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilmiş və çox yüksək qiymətləndirilmişdi”.
Millət vəkili qeyd etdi ki, eyni zamanda Azərbaycanın Baş naziri Əli Əsədov sammitdəki çıxışında müsəlman dünyasını narahat edən bir çox mühüm məsələlərə toxundu, Azərbaycan xalqının hər zaman Fələstin xalqının yanında olduğunu, 2 milyon vəsait ayırdığını qeyd etdi. “Sonda onu da qeyd edim ki, Azərbaycan bir müddət bundan əvvəl COP29-a ev sahibliyi etdi. Əvvəllər bir neçə müsəlman ölkəsi də bu tədbirə ev sahibliyi edib. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan bu tədbirə ən qısa zamanda hazırlaşdı. Az zaman olmasına baxmayaraq, bu tədbiri ən yüksək səviyyədə təşkil edən müsəlman ölkələrindən biri oldu. Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan islam dünyasını dünyada ləyaqətlə təmsil edir”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA