Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...
Tural İsmayılov: “Makronun yarıtmaz və uğursuz siyasəti nəticəsində bu gün Fransanın Azərbaycanla münasibətlərində qarşısıalınmaz çatlar formalaşıb”
Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri davam edir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir.
Fransa hakimiyyətinin Azərbaycan əleyhinə apardığı yalan, böhtan kampaniyası nəinki ölkəmizdə, eləcə də hadisələrə düzgün yanaşan, reallıqları olduğu kimi qiymətləndirən və dəyər verən digər dövlətlərdə də böyük ikrah hissi doğurur.
Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlar atmasına indi Avropada da mənfi münasibətin şahidi oluruq.
Qeyd edək ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Makron diktaturasına da toxunub.
Ölkə başçısı müsahibəsində deyib ki, hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir: “Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal – burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas”.
Qeyd etdiyimiz kimi, Makron siyasəti artıq iflasa uğrayır. O cümlədən, ölkəmizdə də Makron siyasəti artıq iflas olub.
“Bu gün Fransa beynəlxalq hüququ tapdalayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir və bunun əleyhinə çox ciddi kampaniyalar aparır”
Makronun Azərbaycanda nə səbəbdən iflası uğraması barədə fikir bildirən siyasi şərhçi Tural İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Emmanuel Makronun Fransada prezidentlik dövrü bu ölkənin tarixinin ən pis dövrü sayılır: “Fransa həm daxildə ciddi problemlərlə qarşılaşır, həm də beynəlxalq münasibətlər sistemində mövqeləri kifayət qədər aşağı səviyyəyə düşüb. Makronun yarıtmaz və uğursuz siyasəti nəticəsində bu gün Fransanın Azərbaycanla münasibətlərində qarşısıalınmaz çatlar formalaşıb. Fransa birmənalı, separatçı siyasət həyata keçirir. Fransanın bu siyasəti Makronun özü üçün də problem yaradır. 30 il ərzində Ermənistanın işğalçı siyasətini dəstəkləyən Fransadakı erməni lobbiləri həmin ölkənin siyasətinə ciddi təsir göstərə bilirdilər”.
Həmsöhbətimizin sözlərinə görə, Makron hakimiyyətə gələndə Fransanın hakim komandası birmənalı şəkildə Azərbaycanla münasibətləri korladı, çox aydın şəkildə Ermənistana dəstək göstərdi: “Bu gün Fransa beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir və bunun əleyhinə çox ciddi kampaniyalar aparır. Fransa məlum yanlış siyasəti nəticəsində Cənubi Qafqazın lideri olan Azərbaycanla münasibətləri korlayıb”.
Günel CƏLİLOVA