KÖHNƏ VERSİYA            

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ YUSİF SEYİDOV ZİRVƏSİ

Image

Filologiya elmləri doktoru, professor Yusif Mirəhməd oğlu Seyidov 1929-cu il may ayının 2-də Naxçıvan MR-in Noraşen rayonunun (indiki Şərur) Yengicə kəndində kəndli ailəsində anadan olmuş, ilk təhsilini də həmin kənddə almışdır. O, 1946-ci ildə Naxçıvanda ikiillik Müəllimlər İnstitutunu bitirmişdir. Təhsilini davam etdirmək üçün 1946- cı ildə Bakıya gəlmiş və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Həmin fakültəni 1952-ci ildə bitirmiş və dilçilik ixtisası üzrə aspiranturada saxlanılmışdır. Y.M.Seyidov 1956-cı ildə “Müasir Azərbaycan dilində feili bağlama tərkibləri” mövzusunda dissertasiya işi müdafıə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Tədqiqatda birinci dəfə olaraq feili tərkiblərin qrammatik mahiyyəti açılmış, tərkiblərlə budaq cümlələrin eyniləşdirilməsinin obyektiv və subyektiv səbəbləri şərh olunmuşdur. Feili tərkiblərin qrammatik mahiyyəti, fəlsəfi əsasları elmi şəkildə müəyyən edilmiş və nəticə etibarilə tərkib və budaq cümlə məsələsində cümlə ilə fikri, dil ilə təfəkkürü, forma ilə məzmunu eyniləşdirmək kimi qiymətləndirilmişdir. Professor Yusif Seyidov türkologiyada tərkib və budaq cümlə məsələsində üç mövqeyin olduğunu müəyyənləşdirmiş və bu bölgü sonralar mürəkkəb cümlə və tərkiblər haqqında yazılan əsərlərin, demək olar ki, hamısında qeyd-şərtsiz təkrar edilmişdir. 

1955-1967-ci illərdə Bakı Dövlət Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1966-cı ildə isə “Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Görkəmli alim-pedaqoqa 1967-ci ildə professor elmi adı verilmişdir. 1965-ci ildən ömrünün axırına kimi  Bakı Dövlət Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik etmişdir . 

Y.Seyidov dilçiliyin müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmışdır. Yusif Seyidovun ən böyük xidməti onun sintaksis sahəsində apardığı tədqiqatlardır. Azərbaycan dilçiliyində sintaktik əlaqələrin elmi əsaslarla geniş və əhatəli tədqiqi professor Yusif Seyidovun adı ilə bağlıdır. Alimin iki dəfə nəşr edilmiş “Azərbaycan dilində söz birləşmələri” monoqrafiyası bu sahədə türkologiyada ən dəyərli elmi mənbə hesab edilir. Görkəmli alimin bu sahədəki axtarışlarının nəticələri ayrı-ayrı məqalə və kitablarda, eləcə də 1966-cı ildə işıq üzü görmüş “Azərbaycan ədəbi dilində söz birləşmələri” adlı monoqrafiyasında əks olunmuşdur. “Azərbaycan ədəbi dilində söz birləşmələri” adlı monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. “Azərbaycan ədəbi dilində söz birləşmələri” kitabında müəllif yenidən sintaktik əlaqələr məsələsinə qayıdır və onlara yeni aspektdən - söz birləşməsi mövqeyindən nəzər salır; söz birləşmələrinin, bir qayda olaraq, tabelilik əlaqəsi əsasında yarandığını təsdiq etməklə bərabər, tabesizlik əlaqəsi ilə də təşəkkül tapdığını faktlarla əsaslandırır. Bu əsərdə qədim hind, yunan dilçiliyindən başlamış ötən əsrin 60-cı illərinə qədər söz birləşmələri haqqında aparılan tədqiqatların ardıcıl elmi təhlili aparılmışdır. Müəllif yunan filosoflarının sözlərin əlaqələnməsi əsasında yaranan söz birləşmələri barədə  fikirlərini vermis, müasir filosofların bu problemlə əlaqədar araşdırmalarını təhlildən keçirmişdir. Əsərdə söz birləşmələrinin dil sistemindəki yeri müəyyənləşdirilmiş, onların digər dil və nitq vahidləri ilə (söz, mürəkkəb söz, qoşa sözlər, sintaqm, cümlə ilə) oxşar və fərqli cəhətləri izah olunmuşdur.

 Müəllif söz birləşmələrinin  türkologiyada aparılan təsnifatını nəzərdən keçirir və hər bir təsnifata öz münasibətini bildirir,  söz birləşmələri haqqında sintaktik təlimin hüdudlarını müəyyən edir və Azərbaycan dilçiliyində söz birləşmələrinin ənənəvi izahından fərqli olaraq ilk dəfə olaraq ismi birləşmələrin təyini söz birləşmələrindən ayrılan bir sıra yeni növlərini verir. Xüsusilə,  “feili birləşmələr” adı altında “feili tərkiblər”dən fərqlənən təlimin əsasını qoyur və onun istiqamətlərini müəyyən edir. Bu dəyərli tədqiqat əsəri türkoloqlar tərəfindən maraqla qarşılanmışdır. Heç də təsadüfi deyil ki, məşhur dilçi alim, akademik A.N.Kononov bu əsərə görə Yusif Seyidovun adını sintaksisin əsas problemlərinin həllində böyük xidmətləri olan sovet alimlərinin sırasında çəkmiş, əsəri yüksək qiymətləndirmişdir. Əsərdə söz birləşmələrinin nəzəri və praktik məsələləri bütövlüklə əhatə edilmiş, tədqiq tarixi araşdırılmış, söz birləşmələrinin növləri haqqında sistemli məlumat verilmişdir. O, ilk dəfə türkologiyada tabesizlik və tabelilik əlaqələrinin bütün sintaktik vahidlər üzrə, yəni söz birləşmələrindən mürəkkəb cümləyə qədər təzahür hallarını müəyyən etmişdir. Bununla yanaşı, Azərbaycan dilçilik elmi üçün sintaktik əlaqələrlə bağlı bir sıra başqa ciddi və mühüm məsələləri də müəyyənləşdirmişdir. Alim Azərbaycan dilçiliyində ənənəvi olaraq ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəflərini birlikdə bir mürəkkəb cümlə üzvi kimi təhlil etmişdir. İkinci və üçüncü növ təyini söz birləşmələrinin cümlə üzvi kimi parçalana bilməməsinin qrammatik əsasları da ilk dəfə Yusif Seyidov tərəfindən müəyyənləşdirilmişdir. Yusif Seyidov sintaktik əlaqələr əsasında cümlənin şəxsə görə növlərinin formalaşma sistemini də təhlil etmişdir. Azərbaycan dili sintaksisinin ən aktual problemlərinə həsr olunmuş bu kitab bu gün də tədqiqatçıların bəhrələndiyi və tələbələrin istifadə etdiyi ən sanballı tədqiqat əsərlərindəndir. 

Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş “Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” (1958), “Təsirlik hallı feili birləşmələr” (1963), “Dil sistemində söz birləşmələrinin yeri” (1964), “Azərbaycan ədəbi dilində söz birləşmələri” (1969), “Klassik Azərbaycan şairləri söz haqqında” (1977), “Yazıçı və dil”(1979), “Sözün şöhrəti” (1981), “Sözün qüdrəti” (1988), “Sözün hikməti” (1989) və “Nəsiminin dili”  kimi bir sıra kitabların,  dərslik və dərs vəsaitlərinin müəllifidir.

 Görkəmli  alim qrammatika məsələləri ilə yanaşı, dilçilikdə tamamilə yeni sahə olan yazıçı və dil probleminin tədqiqi ilə məşğul olmuşdur. Professor Yusif Seyidov yazıçı və dil problemi ilə bilavasitə bağlı olan ümumiləşdirici bir əsər də qələmə almışdır. Alimin “Azərbaycan ədəbi dilinin tədqiqi tarixinə bir nəzər” adlı tədqiqat əsəri  (Y.Seyidov. Əsərləri, 15 cilddə, II c. Bakı: Bakı Universiteti, 2007)  Azərbaycan ədəbi dili məsələlərinə aid olan ən sanballı elmi-nəzəri araşdırma kimi diqqəti cəlb edir. Alim Azərbaycan ədəbi dili tarixinin formalaşması və inkişafı məsələlərini geniş ümumiləşdirmələr apararaq tədqiq etmişdir. Dilçilik sahəsinin inkişafında mühüm rolu olan Ə.Dəmirçizadənin tədqiqatlarına xüsusi yer ayırmışdır. Qeyd etdiyi kimi,  Azərbaycan ədəbi dili tarixini ilk dövrləşdirənlərdən, onun elmi prinsiplərini işləyib hazırlayanlardan biri professor Ə.Dəmirçizadə olmuşdur. Ə.Dəmirçizadə “Azərbaycan ədəbi dili tarixi” kitabında (1979) dövrləşdirmənin meyarını verir və bu əsasda yeni dövrləşdirmə təklif edir. Y.Seyidov “Klassik Azərbaycan şairləri söz haqqında” (1977), “Yazıçı və dil” (1979), “Sözün şöhrəti” (1981), “Sözün qüdrəti” (1988), “Sözün hikməti” (1989) və s. kimi sanballı monoqrafiyalarında ədəbi dilin inkişafında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb sistemə salmış, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil etmişdir. Yusif Seyidovun xalqımızın “ana kitabı” olan “Kitabi-Dədə Qorqud” dastanı, “Dastani-Əhməd Hərami” məsnəvisi və İ.Nəsimi əsərlərinin dili ilə bağlı araşdırmaları ədəbi dilin inkişaf tarixini özündə əks etdirir. Alim “Kitabi-Dədə Qorqud” dastanının müqəddiməsində Dədə Qorqudun dilindən verilən sözləri təkcə azərbaycanlılar, təkcə türk dünyası üçün deyil, bütövlükdə insanlıq üçün əxlaq dərsi verən fikirlər kimi dəyərləndirir.  Nəsiminin dilini isə tamamlanmış, yüksək səviyyəli ədəbi-bədii dil nümunəsi hesab edir və qeyd edir ki, onun dilinin timsalında Azərbaycan poeziya dili ərəb-fars dilləri ilə yanaşı qoyulmuş, Şərqdə böyük şöhrət tapmışdır.     Bununla da, xalqın təxminən min ilə qədər dilçilik, ədəbiyyatşünaslıq və estetik görüşlərinin inkişaf tarixini müyyənləşdirmişdi. Böyük dilçi alim Yusif Seyidov Azərbaycan dilinin tarixinə dair də səmərəli tədqiqatlar aparmışdır. “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani- Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi- Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası ciddi axtarışların məhsuludur. Müəllif Nəsimi dilini iki istiqamətdə - ədəbi-bədii dil nümunəsi və dövrün ədəbi dil nümunəsi kimi tarixi qrammatika istiqamətində öyrənilməsini əsas götürərək yazır kı, burada məqsəd dilin qrammatik quruluşunun tədqiqidir. Əgər birinci istiqamət şairin sənət qüdrətini, milli dilin poetik potensialından istifadə bacarığını, sözün semantik mənasını açmaq üsullarını müəyyən etməyə xidmət edirsə, ikinci istiqamət şairin şeir dili fonunda dövrün ədəbi dilinin inkişaf və formalaşma səviyyəsini müəyyənləşdirməyə xidmət edir. Bu nəzərə alınaraq onun yaradıçılığında Nəsimi dili sənətkarın fəlsəfi və bədii fikri fonunda bütün ifadə çalarları ilə, üslub xüsusiyyətləri ilə araşdırılmışdır. Tədqiqatçı klassik ədəbiyyatı yaxşı bilən geniş diapozonlu filoloq, Şərq fəlsəfəsinə, sufi və xüsusən hürufi ictimai-fəlsəfi fikrinə bələd alim kimi onun yaradıçılığının əsas istiqamətlərini müəyyənləşdirmışdir. Xüsusilə də onun yaradıcılığının qrammatik xüsusiyyətlərini təhlil etmiş,  Nəsiminin dilinin əsas xüsusiyyətlərini araşdırmaqla Azərbaycan ədəbi dilinin, ümumən Azərbaycan dilinin XIV əsr mərhələsinin mənzərəsini vermişdir. Azərbaycan ədəbiyyatının məhz bu dövrü Nəsiminin adı ilə bağlıdır. Alim bu dövrü geniş şəkildə təhlil edərək yazır: “Nəsimiyə qədər Azərbaycan türk dilini, poeziya dili kimi fars və ərəb dilləri ilə yanaşı qoyan və bu dildə, sözün geniş mənasında, yazıb-yaradan ikinci bir görkəmli şair bizə məlum deyil. Nəsimi azərbaycanca şeirin möhkəm əsaslarını yaratmaqla, bu sahədə ciddi addım atan və Azərbaycan türk dilinə yüksək poeziya dili hüququ verən ilk böyük sənətkar olmuşdur”.

Nəsiminin şeir dili bir sıra cəhətlərinə görə tamamlanmış, yüksək səviyyəli ədəbi-bədii dil nümunəsidir. Bu bədii dil nümunəsi şairin əsərlərinin hamısında eyni səviyyədə öz əksini tapmışdır. Şerlərinin növləri və mövzuları Nəsiminin ifadə üsuluna, üslubuna təsir göstərsə də, bununla əlaqədar olaraq onun dili bəzən tam anlaşıqlı, bəzən çətin olsa da, bu dilin ümumi ədəbi əsası həmişə qorunub saxlanır. Həm də bu ədəbi əsas çox müxtəlif boyalarla, çalarlarla təzahür edir. Tədqiqatda onun yaradıcılığı fəlsəfi istiqamətdə də təhlil edilir. Xüsusən, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeirində müəllifin yazdığı kimi məhz insan problemi qoyulur. Çünki Nəsimi belə hesab edir ki, insanın əlaməti onun özündən böyükdür (uludur), ona görə də insan heç bir tərifə sığışmır, heç bir mərtəbə, əzəmət insanla müqayisə oluna bilməz. Müəllifin yazdığı kimi, Nəsimi təlimində insan bütün kainatdır, yer, göy, məkan və zaman, ən kiçik zərrə də, günəş də, ulduzlar da insanın varlığında birləşir və ona görə də insan ayrı-ayrılıqda heç bir məkana, zamana, cismə və canə, bəyanə... sığa bilməz. Bununla da Y.Seyidov müəyyənləşdirir ki, Nəsimi fəlsəfəsi fikrində insanı saflığa çağırış əsas xətlərdən biridir. Şair insanı ilahiləşdirir, Allah mövqeyinə qaldırır, bu halda insan məxfi xislətlərdən tam azad olmalı, saflaşmalıdır, insanın mənəvi aləmində heç bir qara ləkə qalmamalıdır. Bütövlükdə, əsərdə Nəsimi dilinin ümumi səciyyəsi və bu dilin materialı əsasında qrammatik quruluşun sinxron təsviri verilir. Çünki Azərbaycan ədəbi dilinin formalaşmasında xalq yaradıcılıq nümunələri də az rol oynamamışdır, ədəbi dil zaman-zaman nağıl və dastanlardan, qoşma və bayatılardan mayalanmışdır. Ümumən Azərbaycan ədəbi dili bütün inkişafı boyu heç bir vaxt öz ümumxalq əsasından ayrılmamışdır. Ədəbi dilimizin bu əsasda inkişafında, onun ümumxalq zəmininə daha möhkəm bağlanmasında C.Məmmədquluzadənin rolunu xüsusi qeyd edərək yazır: “Əgər Füzuli Azərbaycan dilinin tükənməz imkanlara malik olduğunu müəyyənləşdirmiş, onun sənət qüdrətini kəşf etmiş, onu klassik şeir dili səviyyəsinə qaldırmışsa, C.Məmmədquluzadə ədəbi dil ilə danışıq dili arasındakı səddi aradan qaldırmış ümumxalq danışıq dilini az qala ədəbi dil səviyyəsinə yüksəltmiş, sadə və lakonik xalq ifadələrinin geniş şəkildə sənət dilinə daxil olmasına, ədəbi dil yer tutmasına yol açmış ədəbi dilin lüğət tərkibinin saflaşmasına güclü təsir göstərmiş, beləliklə də, Azərbaycan ədəbi dilinin yeni ruhda inkişafında görkəmli rol oynamışdır.” (Yazıçı və dil, 1979, səh.99) Onun əsərlərinin dili, üslubu, ifadələri, cümlə quruluşu, söz sırası, Azərbaycan danışıq dilinın bütün zənginliyi və əzəməti ilə bu əsərlərdə əks olunmuş və onun  şeirlərinin söz  qüdrəti əsaslandırılmışdır. Bu əsərlərin dilinin təmtəraqdan uzaqlığı, təsəvvür edilməz dərəcədə sadəliyi və təbiiliyi, eyni zamanda, kəskinliyi, təsir qüvvəsi,  qısa və konkretliyi faktlarla təhlil edilmişdir. Professor Yusif Seyidov tərəfindən  Xətai, Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Vaqif, Vidadi, Q.Zakir, S.Ə.Şirvani, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi yaradıcılığı və bədii dil məsələləri  geniş şəkildə araşdırılır. Görkəmli alim Y.Seyidov XIX əsr ədəbi dilimizin tarixini M.F.Axundzadə mərhələsi adlandıraraq yazmışdır ki, M.F.Axundzadə ədəbiyyatımız tarixində böyük hadisədir. O, “Puşkinin ölümünə Şərq poeması” ilə poeziyamızda yeni ruhlu sənət əsəri yaratdı. “Təmsilat”ı ilə Azərbaycan dramaturgiyasının təməlini yaratdı, “Aldanmış kəvakib” əsəri ilə ilk realsit povest janrının əsasını qoydu. “Bunlar M.F. Axundzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində böyük mövqe tutması üçün bəs edərdi.  Böyük mütəfəkkirin dilçilik irsi  filologiyamız, ədəbi düşüncə və ədəbi dilimiz üçün böyük elmi əhəmiyyətə malik olması təhlil edilir və aşagıdakı  qruplara ayırılır: 1. Üslub, nitq mədəniyyəti məsələləri. 2. Lüğət tərkibi və istilah məsələləri. 3. İmla, orfoqrafiya məsələləri. 4. Ayrı-ayrı dillər haqqında. 5. Tərcümə məsələləri. 6. Əlifba, yazı problemləri. 

Y.Seyidov tərəfindən verilən qruplarda  böyük Mirzə Fətəlinin dilçilik görüşlərinin ana xətləri və onun əsas prinsipləri tezislər şəklində maddə-maddə araşdırılmışdır. Onu da qeyd edək ki, müəllifin maddələrlə göstərdiyi məsələlərin hər biri Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynayan əsas məsələlərdir. Xüsusilə,  yeni əlifba uğrunda mübarizənin islam dünyasında bayraqdarı olan böyük mütəfəkkirin yazı islahatı ilə bağlı fəaliyyətini ətraflı şəkildə tədqiq etmişdir. Bununla yanaşı, N.Nərimanov və M.F.Axundovdan sonra, dilin ictimai əhəmiyyətini düzgün qiymətləndirən, dilin nəzəri və praktik məsələlərinə dərindən nüfuz edən, Azərbaycan ədəbi dilinin xalq dili üzərində formalaşması yollarını əsaslandırmağa çalışan ikinci ədib kimi bədii əsərlərində dilə aid fikirləri, eyni zamanda onun yaradıcılığı sırf dilçilik baxımından saf-çürük edilir, ayrı-ayrı ədiblərin dil haqqında fikirləri, onların ana dilinin inkişafında rolu təhlil edilir.

Görkəmli alim tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. Ədəbi dil, eləcə də bugünkü Azərbaycan ədəbi dili müxtəlif üslubların məcmusu olsa da, öz başlanğıcını bədii dildən almış və əsrlər boyu bu üsluba əsaslanmışdır. Bu cəhətdən bədii əsərlərin dilinin öyrənilməsi ümumən ədəbi dilimizin öyrənilməsində ən mühüm mənbəni təşkil edir. Yazıçıların bədii dilinin elmi-monoqrafik tədqiqində onların ümumən dilə, xüsusən bədii dilə münasibətləri müəyyənləşdirilmışdir. XX əsrin əvvəllərindəki ədəbi proseslərdən, yazıçı və  dil məsələlərindən bəhs edərkən C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Abdulla Şaiq, S.S.Axundov, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Abbas Səhhət, M.Hadi, Y.Çəmənzəminli, S.M.Qənizadə, Ö.F.Nemanzadə və F.Köçərli yaradıcılığında dil düşüncələri təhlil edilmişdir. Qeyd edildiyi kimi, ana dilinin saflığı və müstəqilliyi uğrunda mübarizədə böyük satira ustası C.Məmmədquluzadənin, onun “Molla Nəsrəddin” jurnalı və molla nəsrəddinçilərin xüsusi rolu olmuşdur. Ona görə  professor Y.Seyidov yazıçı və dil problemi ilə  bağlı məsələlərin təhlilində C.Məmmədquluzadənin bədii və publisistik irsinin öyrənilməsinə geniş yer ayırmış,  ədəbi dilin inkişafında, onun ümumxalq zəmininə təşəkkül tapmasında sənətkarların rolunu müəyyənləşdirmişdir.  

“Yazıçı və dil” monoqrafiyasında   görkəmli elm xadimi minillik ədəbiyyatımızı, Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini sətir-sətir, beyt-beyt toplayıb sistemə salmış, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil etmişdir. 

 Y.Seyidovun araşdırmalarında akademik Mirzə İbrahimovun sözlə bağlı elmi-fəlsəfi fikirləri,  bədii dil və söz məsələsinə  fəlsəfi  müstəvidə yanaşması şərh olunur və Mirzə İbrahimovun ədəbi-bədii dilə aid mülahizələri konkret faktlar əsasında araşdırılır. Mirzə İbrahimovun bədii söz və bədii dil haqqındakı fikirləri, ümumən dil, ədəbi bədii dil, ana dili, əcnəbi dillər haqqındakı mülahizələri onun ayrı-ayrı sənətkarlar haqqında yazdığı məqalə və kitablarda daha konkret ifadəsini tapmışdır. Əfzələddin Xaqanidən,  Nizami Gəncəvidən başlamış ədəbi dilin inkişaf tarixini,   dil problemlərinin ən aktual problemlərini önə çəkmişdir.    

 Y.Seyidov Azərbaycan dilçiliyinin və praktik Azərbaycan dilinin müxtəlif məsələlərinə həsr olunmuş onlarla sanballı monoqrafiya və dərsliklər yazmışdır. Bu baxımdan görkəmli alimin “Azərbaycan dilinin qrammatikası. Morfologiya” (Bakı Universiteti nəşri, 2000) və “Azərbaycan dilçiliyində qrammatika problemləri” (Bakı Universiteti nəşri, 2008) əsərləri xüsusilə diqqətəlayiqdir. Monoqrafik dərs vəsaiti adlandırdığı “Morfologiya” əsəri ilə müəllif çoxillik təcrübə və müşahidələri əsasında qrammatikanın bu mühüm bəhsinin elmi və nəzəri təhlilini vermişdir. Müəllif bu əsərində fonetika bəhsinin, eləcə də leksikologiya bəhsinin morfologiyaya daxil edilməsinin yanlış olduğunu faktlarla əsaslandırır. Qeyd edir ki, morfologiyanın tədqiqat obyekti sözün morfoloji quruluşudur.  Sözün morfoloji quruluşu şəkilçi və nitq hissələrini əhatə edir. Müəllif nitq hissələrinin təsnifi ilə bağlı nəzəri fikirlər irəli sürmüşdür. Eyni zamanda nitq hissələrinin üç qrupa bölünməsini də elmi cəhətdən əsassız hesab edir və fikrini faktlarla əsaslandıraraq bu qənaətə gəlir ki, nitq hissələri iki qrupa ayrılmalıdır. “Azərbaycan dilçiliyində qrammatika problemləri” əsərində isə həm morfologiya, həm sintikasisin tədqiqi tarixi araşdırılır. Burada problemin öyrənilmə səviyyəsi nəzərdən keçirilir, mövzu ilə bağlı əsərlərin müsbət və mənfi cəhətləri konkret faktlarla göstərilir, eyni zamanda bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilir. 

1972-ci ildə çap olunan Dövlət mükafatına layiq görülən “Müasir Azərbaycan dili (Sintaksis)” kitabının müəlliflərindən biri prof. Y.Seyidov olmuşdur. Alimin cümlə və onun əsas xüsusiyyətlərinə nəzəri istiqamətdə yanaşması  yanlış ənənənin düzgün həllini həyata keçirməyə imkan yaradır. Belə ki, 1950-ci illərdə belə bir fikir ortaya atılmışdı ki, neçə sözdən ibarət olmasından asılı olmayaraq, feili tərkiblər bir cümlə üzvü kimi təhlil edilsin. Prof. Y.Seyidov cümlə üzvü haqqında nəzəri fikrə əsaslanaraq, bu, tərkiblərin “tərkibidir”- deyə bütöv halda bir cümlə üzvü kimi götürülməsinin yalnış olduğunu müəyyənləşdirdi. O,  “Müasir Azərbaycan dili” (I h.-1959, II h - 1963), “Müasir Azərbaycan dili. IV hissə. Sintaksis”(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir. Rus dilli məktəblər üçün “Azərbaycan dili” dərsliyinin müəllifıdir. Onlarda qaldırılan yeni problemlər, həmin problemlərin inandırıcı faktlarla  nəzəri istiqamətdə ümumiləşdirilməsi dərsliklərin praktik əhəmiyyətini artırır. Tədqiqatlarında nəzəri ədəbiyyatdan gələn mübahisələrə münasibətini bildirir,  dərs vəsaitlərində və dərsliklərdə aydın, aksiomatik nəticələrini verir. Alim  ana dilinin bir çox problemləri haqqında ilk söz deyən, qrammatik quruluşu riyazi dəqiqliklə araşdıran tədqiqatçıdır. Bəlkə də onun əsərlərinin asanlıqla başa düşülüb sevilməsinin əsas səbəblərindən biri həmin əsərlərin vurğunluqla, məhəbbət və şövqlə yazılmasıdır. Bütövlükdə, Azərbaycan ədəbi dilinin  inkişafında və kamilləşməsində öz dövrünün tələbləri səviyyəsində dayanan, ədəbiyyat tarixində özünəməxsus mövqeyi olan     görkəmli yazıçıların əsərləri onun yaradıcılığında zəngin faktlarla araşdırılmışdır. 

Y.Seyidov elmi konfranslarda müntəzəm olaraq iştirak etmişdir. О, Kişinyov,  Alma-Ata, Düşənbə, Bişkek, Nalçik şəhərlərində keçirilmiş elmi konqres və qurultaylarda məruzələr etmişdir. Universitet və fakültə Elmi Şuralarının üzvü olmaqla həmişə prinsipiallıq göstərmiş və obyektivliyi ilə seçilmişdir. Uzun illər Universitet Metodşurasının humanitar fakültələr üzrə sədri olmuşdur. Yusif Seyidov universitetin və respublikanın ictimai həyatında fəal iştirak etmişdir. O, 1985-2006-cı illərdə Təhsil Nazirliyi Elmi Metodik Şurası filologiya bölməsinin sədri olmuşdur. Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir. TQDK-nın Azərbaycan dili fənni üzrə (rus bölməsi) Ekspert Şurasının üzvü olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət Dil Komissiyasının üzvü olmuşdur. Yusif Seyidov müntəzəm olaraq dövrü mətbuatda dil və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı irihəcmli yazıları ilə çıxış etmiş, hər zaman ana dilimizin ruhunu, müqəddəsliyini qorumuş, bir vətəndaş kimi onu tədqiq və təbliğ etmişdir. Alimin elmi kadrların hazırlanması sahəsində də mühüm xidmətləri olmuşdur. Onun rəhbərliyi altında onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Prezident Təqaüdçüsü olmuşdur. 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Respublikanın digər ali məktəblərində və akademik qurumlarında çalışan dilçi alimlər nəslinin müəllimi, elmi rəhbəri, opponenti olan Yusif Seyidovun milli dilçi kadrların hazırlanmasında müstəsna xidmətləri vardır. Yusif Seyidov 16 monoqrafiyanın, 17 dərslik və dərs vəsaitinin, 300-dən çox elmi məqalənin müəllifidir. Görkəmli alim uzun müddət elmi şuranın üzvü, müdafiə şurasının, ekspert şurasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Alimin dərs dediyi tələbələr, yetişdirdiyi alimlər onun  işlərini şərəflə davam etdirirlər. Görkəmli alim  Yusif Seyidov 18 noyabr 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.


Sayalı SADIQOVA 

Azərbaycan Respublikası Nazirlər 

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031