Vardanyanın cinayətlərini gizlətmək üçün təzə ideya tapıblar...
Mətin Məmmədli: “Vardanyan Azərbaycan qanunlarını, beynəlxalq hüquq normalarını kobud şəkildə pozub”
Separatçı Ruben Vardanyanın oğlu David Vardanyan Fransanın “LE FIGARO” nəşrinə atası ilə bağlı müsahibə verib. O, müsahibəsində bir sıra məsələlərə toxunub.
O cümlədən qeyd edib ki, bu ilin yanvarında atasının məhkəməsi baş tutmalı idi: “Lakin iclas may ayına təxirə salınıb, ancaq yenidən təxirə salınma ehtimalı yüksəkdir. Şübhə yoxdur ki, bir səbəb var. Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı irəli sürülən qondarma ittihamlar - terrorçuluğu maliyyələşdirmək, qanunsuz və ya silahlı birləşmələr yaratmaq, Azərbaycan sərhədini qanunsuz keçmək barədə sübutlar toplaya bilmir”.
D.Vardanyanın müsahibəsindən belə aydın olur ki, onun atasına qarşı guya Azərbaycan tərəfi sübut toplaya bilmir. Ancaq unudur ki, Vardanyanın separatçı rejimin başçısı olması, Azərbaycanın ərazisində yaşaması belə ən böyük cinayətlərdən biri sayılır.
“Vardanyan gizli fəaliyyət göstərməyib ki, Azərbaycan dövləti gizli şəkildə fakt toplamaq problemi yaşasın, onun gördüyü işlər, açıqlamaları, çıxışları ortadadır”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vardanyanın oğlunun açıqlamasının heç bir əsası yoxdur. R.Vardanyanın fəaliyyəti göz qabağında olub: “Vardanyan Azərbaycan qanunlarını, beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Bu şəxs qanuna məhəl qoymayaraq Azərbaycan ərazisinə gəlib, ərazi bütövlüyünə qarşı konkret fəaliyyət göstərib. Onun fəaliyyəti də cinayət tərkibi sayılır. Vardanyan gizli fəaliyyət göstərməyib ki, Azərbaycan dövləti gizli şəkildə fakt toplamaq problemi yaşasın. Onun gördüyü işlər, açıqlamaları, çıxışları ortadadır. Bütün bunlar onun fəaliyyətində ağır cinayət tərkibininin olması üçün əsas götürülür. Buna görə də Vardanyanın oğlunun belə bir açıqlama verməsinin heç bir əsası yoxdur. Onlar siyasi şou yaratmaq istəyir. Təbii ki, bu hal Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilə bilməz. Vardanyan və digər cinayətkarların məhkəmə prosesi keçiriləcək. Onlar Azərbaycan qanunvericiliyi, məhkəməsi qarşısında etdikləri cinayətə görə cavab verəcək”.
Günel CƏLİLOVA