Azərbaycan və Çin COP29 çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edib - FOTO
Azərbaycan və Çin Bakıda keçiriləcək COP29 çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edib.
Müzakirələr Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin xarici işlər nazirinin müavini Sun Veydunla görüşü zamanı aparılıb.
"Çinin xarici işlər nazirinin müavini Sun Veydunla ölkələrin ikitərəfli əməkdaşlığının vəziyyətindən məmnunluğumuzu vurğuladıq və ənənəvi dost tərəfdaşlığımızı keyfiyyət baxımından yeni səviyyəyə çıxarmağa qarşılıqlı hazır olduğumuzu bildirdik. "Kəmər və Yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizin gələcək istismarı, COP29 çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıldı, belə ki, hər iki ölkə Qlobal Cənubu təmsil edir və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərirlər. Çin tərəfindən Azərbaycanın "yaşıl" inkişaf və rəqəmsal transformasiya proqramının dəstəklənməsi yüksək qiymətləndirilir", - H.Hacıyev özünün "X" platformasındakı hesabında yazıb.
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.