Netanyahu Xolokostdan sonra qondarma "erməni genosidini" nəzərdə tutursa, böyük yanlışa yol vermiş olacaq...
"Financial times" beynəlxalq ictimaiyyətin İsraildə yeni seçki tələbinə Netanyahunun reaksiyası barədə maraqlı şərh dərc edib. Məlumata görə, Netanyahu İsrail ordusunu bəlli əməliyyatlara görə, qınayan Qərb dairələrini sərt ittiham edir, onları "vicdansız" adlandırır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Netanyahu İsraildə yeni seçki halında hakimiyyətini itirəcəyindən bərk narahat olduğunu gizlədə bilmir və sərt tonla "seçki 6 ay vaxt aparmaqla bizim əməliyyatlarımızın dayanmasına səbəb olacaq" deyə bəyan edir. Ən maraqlısı Netanyahunun "bu qüvvələr Xolokostdan sonra ən dəhşətli genosidi unudur" eyhamıdır. Baş nazir hansı genosidi nəzərdə tutur? Yəhudilərin soyqırımından dəhşətli soyqırım hansıdır? Təbii ki, heç kimin şübhə etmədiyi Xocalı soyqırımını nəzərdə tutmur. Çünki İsrail parlamenti hələ bu hadisəni soyqırım kimi rəsmi tanımayıb. Üstəlik 2015-ci ildə İsraildə keçirilmiş "Xolokostun ildönüm" konfransına Ermənistanın prezidenti Serj Sarkisyanı da dəvət etmişdilər və ona ayrıca məruzə də vermişdilər. Halbuki Sarkisyan Xocalı soyqırımında birbaşa iştirak edib və Ermənistan Hitlerin "yəhudi genosidində" birbaşa iştirak etmiş erməni faşistlərinə heykəllər qoyan ölkədir.
Bağışlanmaz haldır ki, 2 ay əvvəl Netanyahu Qəzza əməliyyatlarını əsaslı sərt tənqid edən Türkiyə prezidenti Ərdoğana "siz 1,5 milyon erməninin soyqırımından danışın" kimi çox uyğunsuz cavab vermişdi və heç bir real əsası olmayan "erməni genosidi" iddialarına "yağ çəkməyə çalışmışdı".
Həngamə o zaman qopacaq ki, Netanyahu "Financial times"in yazdığı kimi, " Xolokostdan sonra ən dəhşətli soyqırım" deyəndə nəyi nəzərdə tutduğunu açıqlayacaq və qondarma "erməni genosidini" ortaya çəkəcək.
Bunun edilməməsi ən ədalətli variant olardı. Hansısa dünya qüvvələrinə bir cavab xatirinə 160 milyonluq və böyük yüksəlişdə olan türk dünyasının qəlbinə əsassız toxunmaq Netanyahuya fayda verməz.
Tahir TAĞIYEV