"Azərbaycan növbəti dəfə dünyaya sülh mesajı ünvanlayır"
"Hazırda dünyada baş verən hadisələr beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqları ilə ziddiyyət təşkil edir. Bu ziddiyyət beynəlxalq siyasətin aktorları olan ayrı-ayrı dövlətlər və hətta müxtəlif beynəlxalq təşkilatlar arasında qarşıdurmalara səbəb olur. Odur ki, dünya sanki hamının hamıya qarşı müharibə meydanına çevrilməkdədir. Bəzi təhlilçilər hətta artıq III dünya müharibəsinin astanasında olduğumuzu bildirir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərin bu qədər gərginləşməsini şərtləndirən səbəblər çoxdur: "Realpolotik doktrinasına uyğun olaraq siyasət yürüdən dövlətlər öz məqsədlərinə nail olmaq üçün heç nədən çəkinmirlər. Xüsusilə neo-imperialist yönümlü Qərb siyasəti mövcud problemlərə irqçılk, ksenofobiya və islamofobiya mövqeyindən yanaşanda həm dövlətlər arası və həm də cəmiyyətlər daxilində müqavimət güclənir və qarşıdurmalar açıq xarakter alır. Hazırda bu vəziyyəti ümumiyyətlə Qərb-Şərq münasibətlərində , o cümlədən Fransanın daxili siyasətində də izləmək mümkündür. Məsələn, Fransanın Yaxın Şərq ölkəlırinə, öz müstəmləkə ərazilərinə və eləcə də ölkəmizə qarşı apardığı siyasətdə bu amilləri görməmək mümkün deyil".
Deputat sözlərinə davam edərək bildirib ki, belə bir şəraitdə beynəlxalq siyasətdə islamofobiya kimi zərərli bir yanaşmanı müzakirə etmək, onu beynəlxalq miqyaslı tədbirlərin gündəliyinə gətirmək, dünyada gedən siyasi prosesləri təhlil edən beyin mərkəzlərinin bu istiqamətdə fəaliyyətini stimullaşdırmaq baxımından bakıda keçiriləcək konfransın əhəmiyyəti böyükdür: "Xalqlar arasında sülhü, dinc yaşamağı, multikulturalizmi təbliğ edən Azərbaycan belə bir tədbirə ev sahibliyi etməklə növbəti dəfə dünyaya sülh mesajı ünvanlamış olur".
Ləman Sərraf