"Delimitasiya ilə Azərbaycanın tutduğu əraziləri geri alacağıq" - Baş Qərargah plan açıqladı...
Əli Orucov: "Azərbaycanın qonşu dövlətin bir qarış torpağında da gözü yoxdur"
Azərbaycanla Ermənistan arasında gedən sülh prosesi çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası davam edir. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması üçün əməli işlər görülür. İki ölkənin XİN başçıları problemləri “tet-a-tet”, masa arxasında həll edərək razılaşmaya gəlirlər.
İlk nəticə göz qabağındadır. Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyanın qərarı ilə 1990-cı illərin əvvəllərində işğal olunmuş Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı, iki ölkə sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyası aparıldı.
Lakin bir neçə aylıq sükutdan sonra sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində yenidən fəallaşma müşahidə edilir. Erməni rəsmiləri dərhal bu fəallaşmadan daxili auditoryada təbliğat vasitəsi kimi istifadə etməyə başlayıblar. Hələ Qazaxın daha dörd, Naxçıvanın isə bir kəndinin erməni işğalı altında olmasına baxmayaraq, erməni cəmiyyətinə söz verirlər ki, delimitadiya nəticəsində Azərbaycandan ərazi qoparacağıq.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal etdiyi ərazilərin qeyri-hərbi yolla Ermənistana qaytarılması ilə bağlı bəyanatı ilə razılaşdığını bildirib: "Bəli, mən baş nazirimizin dedikləri ilə tam razıyam, çünki delimitasiya prosesi gedir və delimitasiya prosesinin bir hissəsi kimi Ermənistan Respublikasının suveren ərazisinin müvafiq sərhədlərlə bərpası planlaşdırılır".
O, baş nazir Nikol Paşinyanın Azərbaycanın “işğal etdiyi” ərazilərin hərbi yolla deyil, delimitəsiya nəticəsində geri qaytarılmalı olduğu barədə bəyanatı ilə razılaşır.
Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ermənistan Respublikasının işğal olunmuş ərazilərinin delimitasiya yolu ilə geri qaytarılmasının mümkün olacağına əmindirmi sualına isə belə cavab verib: “Bəli, əminəm, bu, dinc delimitasiya prosesləri ilə mümkündür”.
Ermənistan hakimiyyəti, göründüyü kimi, delimitasiyaya Azərbaycandan əlavə torpaq qoparmaq vasitəsi kimi baxır. Bu yanaşma nə dərəcədə doğrudur, yəni delimitasiya nəticəsində Azərbaycan Ermənistana ərazi qaytaracaqmı?
Süalımızı şərh edən politoloq Əli Orucov bildirdi ki, Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisi Edvard Asryanın Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiyanın aparılması zamanı bəzi ərazilərin guya ölkəsinə qaytarılacağı haqda dedikləri cəfəngiyatdır: "Azərbaycanın qonşu dövlətin bir qarış torpağında da gözü yoxdur. Bundan əvvəl də baş nazir Paşinyan haqsız olaraq Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə suçlamışdı. Ermənistan rəsmiləri fəal olaraq Azərbaycana qarşı bu tipli ittihamlardan istifadə edərək beynəlxalq ictimaiyyətə də işğalçı kimi təqdim edirlər. Əslində isə həm Qazaxın, həm də Naxçıvanın bəzi kəndləri hələ də Ermənistanın işğalı altındadır. Həmin əraziləri qeyd-şərtsiz boşalatmalıdırlar. Ermənistandan fərqli olaraq, Azərbaycan təcavüz siyasəti yürütmür və regionda sülhün təhlükəsizliyinin əldə olunmasına maraqlıdır. Ola bilsin, erməni Silahlı Qüvvələrinin qərargah rəisi Gədəbəyin Başkənd ərazilərini nəzərdə tutur. Ancaq burda da böyük yanlışlığa yol verir. Çünki Başkənd Azərbaycana məxsusdur. Sovetlər dönəmində də Bakının rəyi öyrənilmədən özbaşına olaraq Kreml Başkəndi Ermənistana hədiyyə edib. Birinci Qarabağ müharibəsində gədəbəylilərin və milli ordumuzun qəhrəmanlığı ilə tarixi ədalətsizlik bərpa edilib. Hesab edirəm ki, delimitasiya nəticəsində Azərbaycan işğal altında qalan ərazilərini geri qaytara biləcək".
Dəniz NƏSİRLİ