İsrail-İran savaşında Ermənistan İranın yanında durdu...
Qasım Hacıyev: “Ermənistanın İrana xoş gəlmək, İsrailə mənfi təsir etmək məqsədilə atdığı bu addm onun məkrli məqsədindən irəli gəlir”
Ermənistan XİN İsrailin İrana hücumlarını pisləyib. Bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalına istinadən Azad İran Telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İsrailin oktyabrın 26-da İrana endirdiyi zərbələri pisləyib.
“Ermənistan beynəlxalq təhlükəsizliyə xələl gətirmək məqsədi daşıyan, keçən həftə İrana qarşı hərəkətlərdə də ifadə olunan hərəkətləri pisləyir. Biz geniş regionda baş verən proseslərdən çox narahatıq. Ümid edirik ki, diplomatiya beynəlxalq hüququ qoruyacaq və növbəti arzuolunmaz hadisələrin qarşısını alacaq”, - deyə, Ermənistan XİN-nin bəyanatında vurğulanıb.
Ermənistan İran-İsrail savaşında səfini bəlli etdi və İranın yanında dayandığını bildirdi. Əslində, bu gözlənilməz deyildi və Ermənistan bununla həmişə ona dəstək verən İrana dəstəyini göstərdi. Ermənistan konkret tərəf tutdu və öz mahiyyətini bir daha ortaya qoydu.
“Həmişə olduğu kimi, yenə öz çirkin məqsədləri üçün tərəfkeşlik edib, özünü İrana şirin salmaq, yaxın göstərmək üçün Ermənistan bu addımı atıb”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində Ermənistan XİN-in bu bəyanatı açıq-aydın şəkildə onun qeyri-səmimiliyini və tərəfkeşlik etdiyini göstərir. O qeyd etdi ki, bölgəmizdə baş verən istənilən proses hər kəsi narahat edir, amma belə məsələlərdə bir dövlətin tərəfini tutmaq, başqasını pisləmək səhv yanaşmadır, düzgün siyasət yürüdən dövlət orta bir mövqe sərgiləməlidir. “Son zamanlar İranla İsrail arasında münaqişənin kəskinləşməsi, göründüyü kimi, bir-birilərinə qarşı raket hücumları ilə nəticələndi. Bu hücumlar genişlənə də bilər. Ona görə də heç bir dövlət, o cümlədən də Azərbaycan heç bir ölkənin bir-biri ilə müharibə aparmasını istəməz. Yəni müharibə heç kimə xoş deyil. Müharibəni bəlkə də tək-tək dövlətlər, tək-tək xalqlar istəyir, amma normal düşüncəli dövlətlər və insanlar müharibəni istəmir.
Ermənistanın İran-İsrail savaşında İranın tərəfini tutması heç də onun bu savaş əleyhinə çıxması anlamına gəlmir, o burada da xüsusi hiyləgərliklə dividend qazanmağa çalışır. Özünü elə göstərir ki, bölgənin vəziyyətindən guya narahatdır.
Düzünə qalsa, Ermənistan bir dövlət kimi əsasən İran tərəfindən mühafizə və müdafiə olunur. Ermənistanın tərəfini saxlayan dövlətlərin birincilərindən biri elə İrandır. Necə ki, 30 il Ermənistanın işağlçılıq siyasətini, terrorunu dəstəklədi. İranı Ermənistandan, Ermənistanı da İrandan ayırmaq mümkün deyil. İranın mövqeyi həmişə Ermənistandan yana olub. İran Ermənistanı dəstəkləyib, Azərbaycana qarşı hər zaman qərəzli münasibət, mövqe sərgiləyib. Çox istisna hallarda ölkəmizlə iqtisadi sahədə münasibət saxlaya bilib. Amma qalan hallarda Azərbaycanın tərəfini saxlamır. Azərbaycan İrana həmişə normal yanaşır, onun daxili işlərinə qarışmır, ona hücum edilməsini istəmir. Azərbaycan heç bir dövlətə tərəfkeşlik etmir, sülhün, ədalətin, həqiqətin yanındadır.
Həmişə olduğu kimi, yenə öz çirkin məqsədləri üçün tərəfkeşlik edib, özünü İrana şirin salmaq, yaxın göstərmək üçün Ermənistan bu addımı atıb”.
Q.Hacıyev bildirdi ki, uzun illər idi İsraillə İran arasında gərgin çəkişmələr nəhayət savaşa gətirib çıxarmalı idi. “Ermənistanın apardığı siyasət normal siyasət deyil. Bu hiyləgərlikdir. Ermənistan həmişə revanşizmdən istifadə edir. Ermənistan müstəqil və güclü dövlət deyil ki, ya İrana, ya İsrailə təsir edə bilsin. Ancaq öz münasibətini bildirir, bu da sözsüz ki, düzgün mövqe deyil. Ermənistanın İrana xoş gəlmək, İsrailə mənfi təsir etmək məqsədilə atdığı bu addım onun məkrli məqsədindən irəli gəlir. Ermənistan XİN-in İsrailin İrana hücumunu pisləməsinin elə də bir əhəmiyyəti, təsiri yoxdur. Ermənistan özünü sülhpərvər dövlət kimi göstərmək istəyir, amma tərəfsizliyini qoruya bilmir. Sülh istəyən dövlətdirsə niyə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bu qədər ləngidir? Ermənistanın İrana dəstəyi heç bir məna ifadə etmir, gücsüz, dizsiz bir bəyanatdır. Ermənistan bölgədə pozuculuq edən, antisülh siyasəti yeridən, işğalçı bir dövlət kimi tanınır. Belə bir dövlət necə sülhsevər ola bilər ki?” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA