"Necə ola bilər ki, 4,8 manatlıq aksiz vergisi olan araq bazarda 2 manata satılır" - Deputat
Minimum qiymət bazar iqtisadiyyatına, istehlak bazarına müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir. Həmçinin, bazar prinsiplərinə müdaxilə olunmur. Hər bir məhsulun qiyməti maya dəyərindən formalaşır.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bazarda 2-3 manata araq məhsulları satılır:
"Halbuki 1 litr araq üçün dövlət tərəfindən müəyyən edilmiş aksiz vergisi 4,8 manatdır. Necə ola bilər ki, 4,8 manatlıq aksiz vergisi olan məhsul bazarda 2 manata satılır. Burada vergidən yayınma halı var. Minimum qiymətdə 4,8 manat müəyyən edilmiş olur. Qiymət və keyfiyyət arasında əlaqə bununla bağlıdır".