Süjetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri...
Bu dünyada Tanrının süd dişindən gələn insanlar çox azdı. Qəribədir, elə deyilmi? Ancaq azlığı qədər də tərcümeyi — halının pəncərələrini ağ vərəqlərə açmağı sevər o adamlar. O adamlar ki, onların gözünün ən dərin yerinə çatanda Vətən sərhədlərini tərgidib gedər, Allah bütün dinləri, müharibələr silah səsini, təbiətsə edam kötüyünü. Elə məhz göy üzü də oradan cücərməyə başlayar, qanad da, yol da, pıçıltı da...
Həmin o adamlardan idi Sabir Yusifoğlu. Payıza kürəyini çevirən, üzü rəssam fırçasında ilişib qalan Sabir Yusifoğlu!
... O pencəyinin astar üzünü heç bir fəsilə göstərməyəcək qədər bir ağ sirr... səsə enməyən not... gedilməyən uzaqlıq idi. Çünki həmişə çiyinlərini bir dirijor çubuqlarına söykəyərdi, bir də gələcək zaman şəkilçilərinə. Axı, onun kimiləri üçün həyat yalnız qayığın suda qalan hissəsidir, canavar rəsmidir. Həm də bu baxımdan bir az da dəqiq desək, bu şəhərdə adını tanıyan hər kəsin ən gözəl ay işığı tənhalığı idi Sabir Yusifoğlu. Qaranlıqdan qopub, şəkillərə baş çəkib... və yenidən təngnəfəs qaranlığa qayıdan ay işığı tənhalığı!
Axı, bəzən kimisi bu yer üzünə yalnız şəkillərə baş çəkmək üçün gələr. Gələr... və ömrünü gözlərinin qarşısında misqal — misqal yad dişlərə köçürdər! Hə, yad dişlərə — xatirə rəngli cığırlarda doğulan yad dişlərə!
...Sabir Yusifoğlu ÖZ TALEYİNƏ TOXUNA BİLMƏYƏNLƏR qatarını seçmişdi. O seçim onun qeyri — ixtiyari, qalibiyyət dolu seçimi idi. Xarakterindən ölümün ekvator xəttinə yol başlamaq da bir ayrı missiyadır, ağrıdı, məmnunluqdu... Həm də əlində hamıdan gizlətdiyi, hər kəsdən qoruduğu köhnəlmiş şahmat taxtası, dilində dar ağacına çəkilən günəşin adı ilə.
... Haradan bilmək olardı ki... Bəlkə də o nəfəs dərmək üçün ayaq saxlamışdı üstünü toz basmış bu qlobusun yanında. Bilmirəm! Bircə bildiyim odur ki, onun nəfəs dərməyindən çox, ondan NƏFƏS DƏRƏNLƏRin varlığının şahidi olduq. Bu da bir Tanrı kombinasiyası idi şahına ləpirlərdəki gecələrin sayını göstərən həmin şahmat taxtasında. Çünki heç kimə deyə bilmirdi, deyə bilmirdi ki, mən “Allah — insan oyunu”ndan çox uzağam. Əlimdəki şərabdan görmədiyiniz tərəfimə, lap sizə qalacaq tabutuma qədər uzağam!
Divarının çatlarında eləcə darıxırdı... səssiz — səmirsiz! Axı, Sabir Yusifoğlu təbiətin bir başqa qüvvəsi idi. Onda iz də başqa idi, tavandan asılan iç də, yorğunluq da... İndi ALLAHı və İNSANı nə onun izi bağışlayacaq, nə içi, nə də canında yuva quran yorğunluğu!
İnsan övladı ona AD qoymaqla haqsızlıq etmişdi, Allah isə ondan OĞUL, ATA, BABA... ünvanı yaratmaqla. Çünki enerjiyə... qüvvəyə... ad qoyuldusa o öz məqamından sürgün edilir. Bu mənada Sabir Yusifoğlu sonsuzluqdan öz adına, çərçivələrə salınmış portretlərə... sürgün olunmuşdu.
... və o gün... o axşamçağı... o gecə 61 rəqəmini hamımız qəfl tərk elədik. Beləcə Sabir Yusifoğlu çəkildi ÜÇ NÖQTƏlərə.
Emil Rasimoğlu
yazar
Bakı... 2 oktyabr... 2022