Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...
Suriyada “Həyat Təhrir əş-Şam” təşkilatı 61 illik Bəəs rejimini və 53 illik Əsəd rejimini devirdikdən sonra Bəşər Əsəd Rusiyaya qaçdı. Məlum olub ki, Əsəd qaçarkən yanında katibi Mənsur Əzzam və iqtisadi müşaviri Yaser İbrahim də olub və onlar da Moskvaya gedib. Əsədin qardaşı Mahir Əsəd isə onun qaçış planlarından xəbərsiz olub.
AFP xəbər agentliyinə Bəşər Əsədə yaxın şəxslərin ölkəni necə tərk etdiyini açıqlayan Suriya hərbi mənbələri bildirib ki, Mahir Əsəd böyük qardaşı Bəşərdən fərqli yol tutub. O, əvvəlcə helikopterlə İraqa qaçıb. Dekabrın 7-də İraqa gedən Mahir 5 gün burada qalıb.
Livanın daxili işlər naziri Bassam Mövləvi Mahirin həyat yoldaşı Manal əl-Cədaan və oğlunun Beyrut hava limanından ayrılmadan əvvəl qısa müddət Livanda olduqlarını açıqlayıb, lakin gedəcəkləri yer haqqında məlumat verməyib.
Bəşər Əsədə yaxın olan Suriyanın keçmiş təhlükəsizlik şefi Əli Məmlükün İraq üzərindən Rusiyaya qaçdığı bildirilir. Livanlı təhlükəsizlik mənbəsi Məmlükün oğlunun isə qaçmaq üçün Livandan istifadə etdiyini açıqlayıb.
İraq Daxili İşlər Nazirliyi Mahir Əsəd və Əli Məmlükün İraqda olması ilə bağlı iddiaları təkzib edib. AFP agentliyi Mahir Əsəd, Əli Məmlük və Suriya Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi Cəmil Həsənin “axtarılanlar” siyahısında olduğunu, İnterpolun Livana xəbərdarlıq göndərərək Həsənin ölkəyə girəcəyi təqdirdə tutularaq ABŞ-a təhvil verilməsini istədiyini bildirib.
Əsəd rejiminin digər əsas fiqurları da təcili olaraq ölkəni tərk ediblər. Hafiz Əsədin tərcüməçisi və eyni zamanda Bəşər Əsədin siyasi müşaviri olan Buseyna Şabanın Livana qaçdığı və oradan da Əbu-Dabiyə getdiyi bildirilir. AFP-yə danışan mənbənin sözlərinə görə, Bəəs Briqadalarının lideri Kifah Mücahid isə qayıqla Livana qaçib.
Bir vaxtlar Suriyanın ən varlı adamı sayılan və rejim dövründə korrupsiyanın simvolu sayılan Rami Maxlouf sağ qalmağı bacaranlardan biri olub. Onun Birləşmiş Ərəb Əmirliklərinə qaçdığı güman edilir.
Əsədin bəzi adamlarının isə Suriyadan qaçmaq cəhdləri uğursuz alınıb. Onlardan biri Əsədin əmisi oğlu İhab Maxlouf dekabrın 7-də Dəməşqdən qaçmağa çalışarkən öldürülüb.
TAHİR