Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...
Abutalıb Səmədov: “Ermənistanın məqsədi belə bir müddəanı sazişin layihəsi içərisinə salmamaq və gələcəkdə özünün lobbiçilik imkanlarından istifadə edib beynəlxalq səviyyədə Azərbaycana qarşı...”
“Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam...”
Bunu Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Prezident bildirib ki, məlum maddə ilə Paşinyan razılaşırdı, amma sonra geri çəkilib. Sonradan nə baş verdi ki, Paşinyan bundan geri çəkildi?
“Paşinyanın mövqeyi o qədər də möhkəm deyil ki, bu cür ciddi məsələlərdə açıq razılığa gələ bilsin”
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan tərəfi dəfələrlə sülh sazişinin razılaşdırılmamış bəndlərinin olduğunu bəyan edib. “Bizim tərəfimizdən də bu cür bəyanatlar verilib. Ancaq indiyə kimi bu qədər konkret cavab verilməmişdi. Azərbaycan Prezidenti sülh sazişinin imzalanmasına mane olan dörd məsələni açıq şəkildə ortaya qoydu. Onun ikisi sülh sazişi layihəsinin mətninə daxildir, iki məsələ isə sülh sazişinin imzalanmasına mane olan məsələlərdir. Hamı bildi ki, sülh sazişinin imzalanmasının bu qədər ləngiməsinin səbəbi nədir. Sülh sazişinə daxil olmayan və onun imzalanmasını ləngidən iki məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması və Ermənistanın öz əsas qanununun preambulasında dəyişiklilər etmək istəməməsidir. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. İkinci məsələ ATƏT-in Minsk qrupu ilə bağlı məsələdir ki, Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə müraciət edib Minsk qrupunun ləğvi məsələsini qaldırmaq istəmir. Bu onu göstərir ki, Ermənistan sülh sazişi imzalamaqda səmimi deyil. Çünki Minsk qrupu deyilən qrup Qarabağ məsələsinin həlli və Qarabağa status vermək məqsədilə yaradılmışdı. Əslinə qalsa, onun adı Minsk qrupu yox, Minsk konfransıdır. Sonradan Minsk konfransının italiyalı sədri Maryo Rafelli özbaşına bəyan etmişdi ki, bir Minsk qrupu yaradılıb. Rəsmi sənədlərdə Minsk konfransı keçir. O, 1992-ci ilin martında ATƏT-in Nazirlər Şurasının qərarında da var, 1995-ci il ATƏT-in Minsk konfransının həmsədrlərinin mandatında da belə göstərilib. Heç yerdə Minsk qrupu ifadəsi keçmir. Minsk konfransı ləğv olunmalıdır və bu məsələni Azərbaycanla Ermənistan birlikdə qaldırmalıdır. Çünki ATƏT-də qərarlar konsensusla qəbul olunur. Hərçənd, Ermənistan müraciət etsə də, deyək ki, Fransanın, Niderlandın, yaxud başqa bir ölkənin buna ehtiaz etməyəcəyi qənaəti yoxdur. Bu iki məsələ sülh sazişinin mətnində olmayan və sülh sazişinin imzalanmasına mane olan məsələdir. Amma sazişin özünün mətnində də iki məsələ var. Bunların biri Azərbaycanla sərhəddə xarici müşahidəçilərin yerləşdirilməməsidir. Söhbət Avropa Birliyinin müşahidəçilər missiyasından gedir ki, bunların artıq müddəti bitmək üzrədir. Burda, əslinə qalsa, elə ciddi məsələ də yoxdur. Bu cür missiyaları gətirib sərhəddə yerləşdirməyə ehtiyac da yoxdur. Əgər sən sülh sazişi imzalayırsansa və qarşılıqlı etimad varsa kimlərisə gətirib sərhəddə yerləşdirməyə ehtiyac yoxdur. Digər məsələ bizim üçün daha mühüm məsələdir. Azərbaycan Prezidenti bəyan etdi ki, bizim mövqeyimiz ondan ibarətdir ki, qarışlılıqlı beynəlxalq iddialardan imtina olunsun. Əslinə qalsa, bu Azərbaycan üçün daha qəbuledilməz məsələdir. Çünki dağılan, xarabazara çevrilən ərazi Azərbaycan ərazisidir. Ən çox ziyan da bizə vurulub. Azərbaycan tərəfinin müəyyən etdiyi rəqəm 150 milyard dollardır. Azərbaycan bundan imtina edib öhdəlik götürməyə hazırdır ki, beynəlxalq səviyyədə, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmasın. Söhbət təbii ki, başqa məsələlərdən də gedir. Məlumdur ki, irqi ayrıseçkiliklə bağlı məsələyə beynəlxalq məhkəmədə baxılır, Azərbaycan bundan da imtina etməyə hazırdır. Gələcəkdə başqa məsələlər də yəqin ki, beynəlxalq səviyyədə qaldırıla bilər. Çünki aramızda problemlər kifayət qədərdir. Burda Qərbi azərbaycanlılarla bağlı məsələ də var. Azərbaycan hər şeydən imtina edir, normal qonşuluq münasibəti yaratmaq və sülhü təmin etmək üçün dəymiş ziyana görə təzminat verilməsindən də imtina etməyə hazırdır. Müxtəlif məsələlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyəcəyini də bəyan edir. Əslinə qalsa, Ermənistan daha çox maraqlıdır ki, bu məsələ aradan qalxsın. Çünki Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı beynəlxalq məhkəmənin qərar qəbul etməsi ehtimalı çox yüksəkdir və 150 milyard dollar zərərin təzminatını vermək ermənilərin imkanları xaricindədir. Onlar bunu daha çox istəməlidirlər”.
A.Səmədovun sözlərinə görə, ancaq nədənsə, ermənilər razılaşmaq istəmirlər. “Baxmayaraq ki, Azərbaycan Prezidenti də qeyd etdi ki, əvvəlcə Ermənistan rəhbərliyinin razı olduğuna dair təsəvvür yarandı və sonradan imtina etdi. Nədən? Ermənistanın Azərbaycandan ala biləcəyi nə var ki, Ermənistan bunu istəməsin və bundan imtina etsin? Görünür, burda da Ermənistanın məqsədi belə bir müddəanı sazişin layihəsi içərisinə salmamaq və gələcəkdə özünün lobbiçilik imkanlarından istifadə edib beynəlxalq səviyyədə Azərbaycana qarşı qərarlar qəbul etməyi nəzərdə tutması ilə bağlıdır. Əks halda Ermənistan daha çox maraqlı olmalıdır ki, bu cür müddəalar sazişinin mətnində olmasın. Ancaq göz qabağındadır ki, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi də ədalətsiz qərarlar qəbul edir. Yaxşı xatırlayırıq ki, Laçın dəhlizi ilə bağlı qərar qəbul olundu, tələb edildi ki, Azərbaycan dərhal dəhlizi açsın. İrqi ayrıseçkiliklə bağlı qəbul olunmuş qərarda Ermənistandan fərqli olaraq iddia edildi ki, Azərbaycan hakimiyyət orqanları da ermənilərə qarşı, guya irqi ayrıseçkilik siyasəti, irqi düşmənçilik təbliğatı aparırlar. Yəni burda da Azərbaycanı Ermənistandan daha çox günahlandırdılar. Ermənistanın iddiasına dərhal baxıldı, Azərbaycanın eyni vaxtda irəli sürdüyü iddiasına hələ də baxılıb qurtarılmayıb. Yəni bütün bunlar Ermənistanı ümidləndirir ki, bu müddəa sülh sazişinə salınmasa gələcəkdə beynəlxalq qurumlardan, beynəlxalq məhkəmədən Azərbaycan əleyhinə müəyyən qərarlar almaq imkanı ermənilərin əlində qalsın. Görünür, daxili səbəblər də var və Paşinyanın mövqeyi o qədər də möhkəm deyil ki, bu cür ciddi məsələlərdə açıq razılığa gələ bilsin. Ancaq hesab edirəm ki, bu gün Ermənistan hakimiyyətinin konstruktiv qərar verməsi üçün ABŞ-ın yeni prezidentinin müəyyən “məsləhətlərinə” ehtiyacı olacaq. Çünki təcrübə göstərir ki, yalnız o cür “məsələhətlərdən” sonra Ermənistan rəhbərliyi ağıllı qərarlar verir” - deyə A.Səmədov qeyd etdi.
İradə SARIYEVA