Müəllimlərin iş yerlərini dəyişməsi "pulsuz" başa gəlmir? - Şəbəkələrdə pis xəbərlər yayılır...
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib. Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir. Təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.
Son günlər müəllimlərin iş yerinin dəyişməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Sosial şəbəkədə yayılan məlumata görə, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində bəzi neqativ hallar yaşanır. Iddia olunur ki, müəllimlər iş yerini “hörmət” müqabilində dəyişirlər.
Vüsalə Ağabəyli: “İstənilən prosesdə şəxsi maraqlar üstünlük təşkil edirsə və fərdi şəkildə əl uzana bilirsə, bu prosesdə şəffaflıqdan danışmaq qeyri-mümkündür”
Mövzu ilə bağlı fikir bildirən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəllimlərin işə qəbulu prosesinin şəffaflaşdırılması və ədalət prinsipinin gözlənilməsi ilə Müəllimlərin İşə Qəbul imtahanlarının təşkili, iş yerlərinin qarşılıqlı yerdəyişməsi təqdirəlayiq haldır: “Lakin görünür ki, bu proseslərə də fiziki şəxslərin müdaxiləsi baş verir. İstənilən prosesdə şəxsi maraqlar üstünlük təşkil edirsə və fərdi şəkildə əl uzana bilirsə, bu prosesdə şəffaflıqdan danışmaq qeyri-mümkündür. Lakin neqativ hallarla bağlı fərziyyələrə yox, real faktlara əsaslanmaq lazımdır. Əgər həqiqətən də belə hallar varsa, bu ifşa olunmalıdır, ictimailəşdirilməlidir ki, tədbir görülsün”.
Elşən Qafarov: “Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində bəzi neqativ hallar yaşanır”
Təhsil eksperti Elşən Qafarov da “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində bəzi neqativ hallar yaşanır: “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi neqativ halların qarşısını almağa çalışır. Lakin müəllimlər yerdəyişmə prosesində çalışma yaş həddini tamamlamağa 1-2 il qalmış müəllimlərə müəyyən ödəniş etməklə yerdəyişmə edirlər. Məsələn, rayonların birində işləyən müəllim Bakıda müvafiq iş stajına 1-2 ildən sonra çatacaq müəllimə 10-15 min, 20 min verməklə onu razı salır və qarşılıqlı yerdəyişmə edir. 1-2 ildən sonra çalışma yaş həddinə çatmış müəllim işdən çıxır. Belə hallar da var. Düzdür, hazırda müəllimlərin işə qəbulu və yerdəyişməsi daha sistemli xarakter daşıyır, amma sistem başdan-ayağa imtahanlardan ibarətdir”.
Günel CƏLİLOVA