ABŞ rəsmisi COP29-la bağlı gözləntilərini açıqladı
ABŞ xüsusilə təmiz hidroenergetika üçün transxəzər imkanları ilə bağlı COP29-un nəticələrini səbirsizliklə gözləyir. Trend xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən beşinci illik Xəzər Biznes Forumunda çıxışı zamanı ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payett deyib.
O, Xəzər regionunun enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün həm regionlararası, həm də dövlətlərarası əməkdaşlığın zəruriliyini vurğulayıb:
"Xəzər regionu və Mərkəzi Asiyanın həm qaz, həm də ən əsası elektrik enerjisi ilə bağlı hələ də görüləsi işlər var, və ən əsası, elektrik enerjisi sahəsində, xüsusən də “təmiz” enerjiyə investisiyaların sürətli artımı şəraitində".
C.Payett həmçinin yaşıl enerjiyə keçidlə əlaqədar regionun əhəmiyyətinin artdığını qeyd edib: "Əsas mövzuların dekarbonizasiya, metan tullantılarının azadılması və mədən ehtiyatlarının idarə olunması olacaq COP29-a xüsusi diqqət yetirməklə, Xəzər regionuna sistematik diqqət yetiririk".
C.Payett əlavə edib ki, ABŞ regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək etmək üçün əlindən gələni etməyə hazırdır: "İki ildir ki, mən bilavasitə KMG və SOCAR-ın rəhbərliyi ilə, eləcə də Qazaxıstan və Azərbaycan hökumətləri ilə neft ixrac marşrutlarının şaxələndirilməsi məsələləri üzrə çalışıram. Cənub Qaz Dəhlizi ilə nəql edilən Xəzər təbii qazı artıq Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində tamamilə əsas rol oynayır. ABŞ isə hesab edir ki, bu sahədə daha çox işlər görülə bilər".