ABŞ Yaxın Şərqə minlərlə əlavə hərbi qüvvə göndərir... Bayden xəbərdarlıq etdi - Böyük müharibə başlaya bilər...
İsraillə "Hizbullah" arasında yaranan gərginlikdən sonra ABŞ hərəkətə keçib. Vaşinqton Yaxın Şərqə daha çox əsgər göndərəcəyini bəyan edib. Bölgədə 40 min əsgəri olan ABŞ-ın bu rəqəmi nə qədər artıracağı hələlik bəlli deyil.
Bu barədə Pentaqonun mətbuat katibi general-mayor Pat Ryder açıqlama verib. Ryder, İsrail və "Hizbullah" arasında gərginliyin artmasından sonra ABŞ-ın Yaxın Şərqə daha çox əsgər göndərəcəyini deyib. Pentaqon sözçüsü əlavə qüvvələrin sayı və onlara hansı tapşırıqların veriləcəyi barədə təfərrüatları açıqlamayıb.
Sentyabrın 17-18-də Livanda peycerlərin və digər simsiz rabitə cihazlarının partladılması nəticəsində onlarla insanın həlak olması və minlərlə insanın yaralanmasında sonra Livanla İsrail arasında gərginlik daha da artıb.
İsrail kiberhücumlardan sonra Livanın cənubuna və paytaxtı Beyruta intensiv hava zərbələri endirib, nəticədə yüzlərlə insan ölüb və minlərlə insan yaralanıb. Hücumlardan sonra ABŞ prezidenti Co Bayden regionla bağlı qorxulu açıqlamalar verib.
Hücumlardan narahat olduğunu bildirən Bayden "böyük müharibənin başlaya biləcəyini" deyib. "Gərginliyi azaltmağa çalışırıq. Böyük bir müharibənin baş verməməsi üçün əlimizdən gələni edəcəyik. Bu istiqamətdə çalışırıq" - deyə Bayden bildirib.
TAHİR