Dağılmış küçələrin artıq sayı bilinmir – Lənkəranda...
Lənkəranda dağılıb yararsız hala düşmüş küçələr atıq sayını itirib. Əvvəllər cənub mirvarisi kimi adı dillərdə dastan olan şəhər indi asfalt örtüyü palçığa dönən, payızda, qışda keçilməz olan küçələri ilə yadda qalır.
Şəhərin iri gölməçəli küçələrinin çoxunda, hətta balıq da yetişdirmək olar. Təəssüf ki, vəziyyət əhalini çətinlik qarşısında qoysa da, bu, aidiyyəti qurumlar zərrə qədər düşündürmür. Doğrudur, vədlər verilib, amma günlər ötür yaxşılığa doğru bir addım belə atılmır. Bu gedişlə hər hansı bir irəliləyişin olacağını gözləmək isə yersizdır.
Şəhərdə insanların gediş-gəlişi gur olan küçələrdən biri Mahir Yusifovun adını daşıyır. İllərdir buranın asfalt örtüyü dağılıb, kələ-kötür, tozlu-torpaqlı olub. Nəticədə nəqliyyat vasitələri, eləcə də təcili yardım maşını küçəyə daxil ola bilmir. Eyni zamanda balaca yağış yağanda əmələ gələn çuxurlar palçıqlı su ilə dolur, uzun müddət qurumur və həftələrlə adamların hərəkətinə hər an maneə törədir, yoldan keçənləri çətinlik qarşısında qoyur.
Dediyim küçədə hazırda vəziyyət dözülməz həddə çatıb. Sakinlərin səlahiyyət sahiblərinə edilən müraciətlər göydən asılı qalır. Küçəni qaydaya gətirməyə ümid yoxdur.
Onu da bildirim ki, 44 günlük haqq savaşımızda canını Vətən, xalq yolunda fəda edib şəhidlik zirvəsinə ucalan Möhübbət Məhərrəmovun ailəsi bu küçədə yaşayır. Möhübbət kimi qeyrətli oğullar qan töküb 30 ildən sonra millətin kimliyi, mənliyi ona qaytarıldı. Qəhrəman yetirən bir ailənin yaşadığı küçə rahat olmalıdır. İndi küçəni təmir etmək yerli məmurların ən azı vətəndaşlıq borcudur...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü