İctimai Birlik Azərbaycanın üç rayonunda təlimlər təşkil edib
"Damla" Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən “Tənha qadınların sosial fəallığının artırılması” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində iyul ayı ərzində ölkə üzrə 3 fərqli regionda, ümumilikdə 40-dan çox tənha qadının iştirakı ilə birgə təlimlər gerçəkləşdirilib. Lənkəran, Qəbələ və Zaqatala rayonunda yaşayan qadın benefisiarlar üçün layihə işi təşkil edilib.
Layihə müddətində ilk gün iştirakçı qadınların təlimlərə adaptasiyasını, onların şəbəkələşməsini təmin etmək, həmçinin öz problemləri, qarşılaşdıqları çətinliklər barədə danışmaq və emosional narahatlıqlarını aradan qaldırmaq üçün psixoloqla kollektiv görüşlər baş tutub, psixoloq iştirakçıları analiz edərək onlara fərdi qaydada məsləhətlər verib. İştirakçıların ünsiyyət bacarıqlarının inkişafı, sosial fəallıqlarının artırılması istiqamətində müxtəlif komanda işləri və maarifləndirici video çarxlar izlənilib. Təlimlərin ikinci günü isə iştirakçıların potensiallarının üzə çıxarılması, qadınların liderlik bacarıqlarının artırılması, idarəetmə və bu kimi yumşaq bacarıqların müəyyənləşməsi bağlı olub.
Bununla yanaşı qadınların sosial rifahının yaxşılaşdırılması üçün potensial sahibkarlıq ideyaları dinlənilmiş, onların ideyalarını reallaşdırılmaları üçün müxtəlif istiqamətlər müzakirə olunub. Layihənin əsas məqsədi regionlarda yaşayan tənha qadınların cəmiyyətə sosial inteqrasiyasına dəstək olmaq, onların savadlılıq səviyyəsini artırmaq, sahibkarlıq imkanları haqqında məlumatlandırmaq, sosial-iqtisadi imkanlar barədə məlumatlılılığını artırmaqdır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Nigar ƏLİYEVA