Azərbaycan ətə tələbatın 85 faizini özü ödəyirsə, ət niyə fasiləsiz bahalaşır...
Akif Nəsirli: "Ətin 85 faizinin yerli istehsal hesabına təmin olunmasını iddia etmək absurddur"
Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə bağlı məlumat açıqlanıb. Dövlət Statistka Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (139 faiz), meyvə və giləmeyvə (135,5 faiz), nar (132,8 faiz ), pomidor (118 faiz üzrə olub. Ən aşağı göstərici buğda (60,4 faiz) və paxlalı bitkilər (62,8 faiz) üzrə qeydə alınıb.
Heyvandarlıq məhsullarına gəlincə, yalnız yumurta üzrə ötzümüzü tam təmin edə bilirik- 102,2 faiz. Ət və ət məhsulları üzrə təminat 85,3 faiz, süd və süd məhsullarında 84 faiz, balıq və balıq məhsullarında 75,4 faizdir. Son 5 ildə ət məhsulları üzrə təminat 3 faiz yüksəlsə də, balıq məhsullarında 8 faizə qədər eniş qeydə alınıb.
Açıqlanan statistik rəqəmlərdən bəlli olur ki, Azərbaycanın ət məhsulları ilə özünü təmin etmə səviyyəsi 85 faizdir. Maraqlıdır, 85 faiz ətlə özümüzü təmin edı biliriksə, adıçəkilən məhsulun satış qiyməti niyə yüksəlir?
"Yerli istehsal getdikcə tənəzzülə uğradığı üçün ətin qiyməti bahalaşmaqda davam edir"
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın ət, yağ, ağartı ilə özünü təmin etmə səviyyəsi 50 faizdir. Azərbaycan özünü kartof, soğan, yumurta, pomidor və digər məhsullarla tam təmin edə bilir: “Ancaq mən inanmıram ki, ölkəmiz 85 faiz ət məhsulu ilə özünü tam təmin edə bilsin. Bu rəqəm cəmiyyətdə çaşqınlıq yaradacaq. 2015-ci ildən başlayaraq Azərbaycanın kənd təsərrüfatı sektorunda heyvandarlıq sıxışdırılıb. Artıq biz heyvandarlığın sıxışdırılmasının bəhrəsini görməkdəyik. Ölkə daxilində ətə təlabatın ödənilməsinin tən yarısı idxalın hesabınadır. İdxal məhsullarının heç də hamısı bazarda satılmır. Bazarda əsasən yerli istehsal olan ətlər satılır. Yerli istehsal getdikcə tənəzzülə uğradığı üçün ətin qiyməti bahalaşmaqda davam edir. O da bəllidir ki, bu il kənd təsərrüfatı üçün əlverişsiz il olub. Hava şəraiti heyvandarlığa zərər vurub. Belə bir halda ətin 85 faizinin yerli istehsal hesabına təmin olunmasını iddia etmək absurddur".
Günel CƏLİLOVA