Qazaxıstan Rusiyanın “Zolotaya Korona” ödəniş sistemilə pul köçürmələrini dayandırdı - ABŞ sanksiyalarına görə...
Qazaxıstanda “Freedom Bank”, “HalykBank”, Bank RBK və “Avrasiya Bankı” Zolotaya Korona ödəniş sistemi vasitəsilə pul köçürmələrini dayandırıb.
Populyar xidmətin fəaliyyətinin dayandırılmasının səbəbi, ehtimal ki, ABŞ-ın “Zolotaya Korona”nın proqram təminatı istehsalçısına qarşı sanksiyalar tətbiq etməsilə bağlıdır. Bununla belə, bankların rəsmi nümayəndələri köçürmələrin dayandırılmasını sanksiya təzyiqi ilə əlaqələndirmədiklərini iddia edirlər. Onlar problemin “texniki səbəblərlə” bağlı olduğunu iddia edirlər.
“Freedom Bank”dan isə “Forbes” jurnalının Qazaxıstan nəşrinə verilən açıqlamada vəziyyəti qiymətləndirmək üçün (Zolotaya Korona) ilə bağlı əlavə məlumat gözlədiklərini, bundan sonra atılacaq addımlarla bağlı qərar veriləcəyi deyilib.
Ölkənin əsas maliyyə tənzimləyicisi olan Qazaxıstan Milli Bankı özəl bankların fəaliyyətinə müdaxilə etmir. Maliyyə institutları müstəqil olaraq öz risqlərini qiymətləndirir və xarici ödəniş sistemlərində iştirakla bağlı qərarlar qəbul edirlər.
Qeyd edək ki, avqustun 23-də ABŞ Maliyyə Nazirliyi “Zolotaya Korona” ödəniş sisteminin proqram təminatını hazırlayan şirkətə qarşı sanksiyalar tətbiq edib. Rusiyanın bu ödəniş sisteminin özü hələlik sanksiyalar siyahısına daxil edilməyib.
ABŞ-ın sanksiyalar qərarından sonra bir sıra Gürcüstan bankları da sistem vasitəsilə ödənişləri dayandırıb. Lakin sonradan xidmət bərpa edilib. “Zolotaya Korona” həm Rusiyadan, həm də Rusiyaya kartlara pul köçürmələri və nağd pul çıxarmaq üçün istifadə edilən ən populyar ödəniş sistemlərindən biridir.
TAHİR