Lombard kreditləri yenə tüğyan edir - günahkar banklardır...
Kamran Məmmədli: “Lombardlarla bağlı nəzarət mexanizmi sərtləşdirilməlidir”
Əksər insanlar maddi ehtiyaclarını ödəmək üçün ya banka, ya bank olmayan kredit təşkilatına, ya da lombarda üz tutur. Lombardlar vətəndaşlara müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır.
Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir. Məlumdur ki, son illər banklar kredit verilməsi ilə bağlı tələbləri sərtləşdirilib. Nəticədə də, bankdan kredit ala bilməyən vətəndaş lombardlara üz tutur. Onu da qeyd edək ki, lombardlara girov müqabilində tək qızıl, ev, maşın yox, hətta mobil telefon, noutbuk da qoyub pul götürə bilərsiniz. Bu təkliflə çıxış edən lombardların sayı durmadan artır. Qeyd etdiyimiz kimi, lombardlar təklif etdiyi kreditə görə banklardan fərqli olaraq qat-qat artıq faiz təklif edir. Çarəsiz qalan vətəndaş isə yüksək faizə razı olub, lombarddan girov müqabilində pul əldə edir.
“Lombardlara insanların güvənməməsinin bir səbəbi də sığorta məsələsidir, girov qoyulan əşyaları lombard sahibi sığorta etməlidir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər” şərhində bildirdi ki, lombard verdiyi pulun müqabilində ondan daha üstün dəyərə malik girov qəbul edir. Kiminsə təcili vəsaitə ehtiyacı olanda hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyinə nail olur. Hətta bəzən lombardlar mobil telefon, kompüter, avtomobil girov götürüb dərhal vəsait ayırırlar: “Müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur.
Danılmaz faktdır ki, lombardlar yüksək faizlə kredit təklif edir. Yaxşı olar ki, lombard kreditlərində faizlər yumşaldılsın. İlk növbədə, girov qismində təqdim olunan əmlakın aşağı məbləğdə qiymətləndirilməsinin qarşısı alınmalıdır. Lombard girov kimi qəbul etdiyi zinət əşyalarını və elektron cihazları çox aşağı dəyərlə qəbul edir ki, bu da onun real dəyərindən xeyli aşağı olur. Lombardlara insanlara güvənməməsinin bir səbəbi də sığorta məsələsidir. Girov qoyulan əşyaları lombard sahibi sığorta etməlidir. Bu zaman vətəndaşların lombardlara güvəni çoxalacaq. Vətəndaş biləcək ki, sabah baş verən hər hansı hadisə nəticəsində lombard müflis olarsa, bağlanarsa, hətta yoxa çıxarsa belə, əmlakını sığorta şirkətindən ala bilər”.
Ekspert hesab edir ki, lombardlarla bağlı nəzarət mexanizmi sərtləşdirilməlidir: “Lombardlarla bağlı tədbirlərin görülməsi vacibdir, illərdir müzakirə edilən qanunun qəbulu tezləşdirilməlidir. Onu da deyim ki, lombardların sayı artırılarsa, bu halda kredit faizləri aşağı düşəcək”.
Günel CƏLİLOVA