İrandan sonra Şoyqunun unikal addımı - ermənilər Bakını ən təhlükəsiz şəhər adlandırdı...
Elşad Həsənov: “Doğrudan da Cənubi Qafqazda ən sabit və təhlükəsiz yer Azərbaycandır”
“HƏMAS”-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrana gedən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu orada təhlükəsizlik səbəbindən qalmayıb. Erməni KİV-i yazır ki, Şoyqu sui-qəsdə məruz qalan Haniyənin ölümündən sonra Tehranda qalmaq istəməyib. Onun bu səbəbdən həmin gün səfəri bitirib Azərbaycana yola düşdüyü deyilir:
“Şoyqu regionun ən təhlükəsiz şəhəri hesab olunan Bakıda qalmağa üstünlük verib. Səhəri gün – avqustun 6-sı isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, daha sonra Rusiyaya qayıdıb”.
Hətta ermənilər də Bakının regionun ən təhlükəsiz şəhəri olduğunu qəbul edir. Bakı bu statusu hansı əlamətlərə görə qazanıb?
Təhlükəsizlik orqanlarının sabiq əməkdaşı, siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da Cənubi Qafqazda ən sabit və təhlükəsiz yer Azərbaycandır: “Buna da Azərbaycan xalqı uzun illər çalışdı, iqtisadiyyatını qorudu, güclü hərbi sistem yaratdı və öz torpaqlarını düşmən tapdağından azad etdi. Bu gün Cənubi Qafqazda ən güclü, hərb sahəsində ən müasir silahlarla silahlanmış Azərbaycandır. Hərbi Hava Qüvvələrimiz də müasir silahlarla silahlanıb. Eyni zamanda biz siyasi cəhətdən də inkişaf etmişik. Bakıda çox mühüm görüşlər keçirildi. ABŞ - ın və Rusiyanın hərbi rəhbərliyi öz görüşləri üçün Azərbaycanı seçdilər. “HƏMAS” siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31 - də öldürülməsi İsrail tərəfdən İrana çox böyük tərs şapalaq oldu. Bunu heç kim gözləmirdi. İsrailin məhz Tehranda bu qətli etməsi çox təəccübləndirdi hər kəsi. İran bunun qarşısını ala bilmədi. Hərbi Hava Qüvvələri ayıqlıq göstərə bilmədi və nəticədə də İranda bir çox hərbiçilər, təhlükəsizlik əməkdaşları həbs olundu. Ancaq mən hesab etmirəm ki, Şoyqu sui - qəsddən qorxduğu üçün Bakıya gəlib. Bunu ermənilərin provokasion yazıları kimi qəbul edə bilərik. Rusiya ilə İsrail arasında elə ciddi düşmənçilik yoxdu. İsrailin də Rusiyanın rəhbər adamlarını, Şoyqunu məhv etmək kimi fikirləri yoxdur və bu çox absurddur, Rusiyaya sataşmaq deməkdir. Şoyqu Tehrana Putinin tapşırığı ilə getmişdi. Orada vəziyyətin daha da gərginləşməməsi üçün, yaxın Şərqdə müharibənin alovlanmaması üçün Putinin tapşırığı ilə gəldi prezidentlə görüşdü və bildirdi ki, eskalasiyanı artırmağa ehtiyac yoxdur. Bu mənada digər ölkələr də, Fransa, Böyük Britaniya, Almaniya, ABŞ bu haqda İrana xahişlərini çatdırıblar. Ancaq buna baxmayaraq, hazırda İranda vəziyyət gərgindi. Onlar hər an İsrailə hücum edəcəklərini bildirirlər. Azərbaycan hazırda özünü tam müdafiə etməyə hazır olan bir ölkədir. Əhalimizin sayı, ərazimiz elə də böyük olmasa da, Cənubi Qafqazda lider ölkə sayılırıq, dünyanın aparıcı dövlətləri qarşısında özümüzə müsbət imic yaratmışıq, Avropanın 10 ölkəsinə qaz ixrac edirik. Onlarla ikitərəfli münasibətlər qurmuşuq. Dünyanın inkişaf etmiş ölkələri ilə çox gözəl əlaqələrimiz, strateji müttəfiqliyimiz var. Bundan əlavə, Azərbaycan elə bir geoməkanda yerləşir ki, dünyanın arteriya damarı məhz Azərbaycandan keçir. Ona görə də Azərbaycanın statusu günü-gündən artır, dünya iqtisadiyyatında yeri daha da böyüyür. Bu mənada Azərbaycan qarşıdakı illərdə daha da inkişaf edəcək. Bunun üçün də hər bir Azərbaycan vətəndaşı ciddi çalışmalıdır və ordumuzu daha güclü silahlarla təmin etməliyik”.
Məhəmmədəli QƏRİBLİ