"Bakı-Xəbər"in Facebook səhifəsində Fransa ilə bağlı məlumatların silinməsi yalnız həmin sayta deyil, bütünlükdə Azərbaycan mediasına olan təzyiqdir" - Vüsalə Ağabəyli
"Son dövrlər II Qarabağ savaşında əldə etdiyimiz qələbə, faktiki Azərbaycan torpaqlarının geri qaytarılması dünyanın bəzi dövlətlərinin siyasətçilərini, xüsusilə də, daim ermənipərəst mövqe sərgiləyən Fransanı narahat edir. Koloniyalaşdırma siyasəti ilə tanınan, müstəmləkəsindəki əhaliyə qəddarlığı və amansızlığı ilə seçilən, uzun müddət ən yaxın qonşusu Almaniya ilə savaşda olan Fransanın Azərbaycana müdaxiləsi siyasi müstəvidən kiber müstəviyə də sirayət etməyə başlayıb. Mənə və bir çoxlarına əziz olan "Bakı-Xəbər" saytının Facebook səhifəsində Fransa ilə bağlı gedən məlumatların silinməsi yalnız həmin sayta deyil, bütünlükdə Azərbaycan mediasına olan təzyiqdir".
Bunu baki-xeber.com-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər” qəzetinin eyni adlı saytının (baki-xeber.com) paylaşımlarının sosial mediada, əsasən də Facebook-da dərhal və səbəbsiz olaraq silinməsinə münasibət bildirərkən deyib.
"Müharibə dövründə də Mark Zuckerberg Azərbaycan mediasına və onun paylaşımlarına heç də müsbət münasibət sərgiləmirdi. Görünür indi də Azərbaycanın şöhrəti və nüfuzu Mark Zuckerbergi, Avropa Komissiyası ilə gizli sövdələşmə aparan digər sosial şəbəkə rəhbərlərini ciddi narahat edir. Bu təzyiqin qarşılığında kifayət qədər statuslu media orqanları möhkəm şəkildə birləşməli və bu ədalətsizliyi, informasiya yayımına müdaxiləni dünya mediasına çıxarmağa müvəffəq olmalıdır"-deyə V. Ağabəyli bildirdi.
Qeyd edək ki, xeyli bir müddətdir “Bakı-Xəbər” qəzetinin eyni adlı saytından (baki-xeber.com) paylaşılan yazılar sosial mediada dərhal və səbəbsiz olaraq silinir. Bu, xüsusilə də Facebook sosial platformasında daha açıq formada müşahidə edilir.
"Bakı-Xəbər", xüsusilə İlon Maskın Avropa Komissiyası ilə digər sosial şəbəkə platformalarının rəhbərləri arasında gizli sövdələşmə olduğu barədə X hesabındakı paylaşımını yaydıqdan sonra baki-xeber.com saytının yazılarının Facebook-da silinməsi daha da intensivləşib, yazılara blok qoyulur.
İradə SARIYEVA