"Facebook-un "Bakı-Xəbər"in paylaşımlarına senzura tətbiq etməsinin arxasında bizə qarşı düşmənçilik siyasəti dayanır" - Faiq Ələkbərli
"Facebook-la Avropa Komissiyasının gizli sövdələşməsi hiss olunur, belə olmasaydı, bu sosial şəbəkə "Bakı-Xəbər"in paylaşımlarını dərhal silməzdi.
Facebook-un "Bakı-Xəbər"in paylaşımlarına senzura tətbiq etməsinin arxasında bizə qarşı düşmənçilik siyasəti dayanır. Halbuki, "Bakı-Xəbər"in istər Fransa, istərsə də Avropa ilə bağlı hazırladığı yazılarda, xəbərlərdə, dərc etdiyi şərhlərdə, açıqlamalarda irad tutulası bir şey yoxdur. Baki-xeber.com Facebook və digər sosial şəbəkələrdə məlumatları obyektiv şəkildə çatdırmağa çalışır. Aydındır ki, sosial şəbəkələrin də arxasında daha çox Qərb dövlətləri, onlara aid təşkilatlar dayanır. Facebook və başqa sosial platformaların Avropa Komissiyasının, Fransanın təsiri altında olduğu açıq görünür.
Azərbaycanın və türk dünyasının haqlı mövqeyini dünyaya çatdıran "Bakı-Xəbər"in məlumatlarının Facebook-da silinməsi, ona problemlər yaradılması təsadüfi deyil". Bunu baki-xeber.com-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər” qəzetinin eyni adlı saytının (baki-xeber.com) paylaşımlarının sosial mediada, əsasən də Facebook-da dərhal və səbəbsiz olaraq silinməsinə münasibət bildirərkən deyib.
"Məsələn, Fransaya münasibətdə biz əlbəttə obyektiv oluruq, qərəzsiz yanaşma, sağlam tənqid sərgiləyirik. Mən də "Bakı-Xəbər"in ekspertlərindən biri kimi hər zaman Fransa, Avropa Birliyi barədə şərhlərdə qərəzsiz oluram, obyektiv mövqe bildirirəm.
Bunlar da Qərb dünyasının təsiri altında olan sosial şəbəkələrdir.
Xüsusən də İlon Maskın Avropa Komissiyası ilə digər sosial şəbəkə platformalarının rəhbərləri arasında gizli sövdələşmənin olduğu barədə X hesabında yaydığı informasiyanın ölkə mətbuatında ilk dəfə "Bakı-Xəbər"in yayımlanmasından sonra silinmələrin daha da intensivləşməsi müşahidə olunursa, demək bu kimlərinsə xoşuna gəlmir. Bu cür senzuralar tətbiq olunur. "Bakı-Xəbər" yenə də öz haqlı və obyektiv mövqeyində qalacaq. Biz Facebook-dan da müəyyən mənada istifadə edirik. Yenə də istifadə etməliyik və bu platformanın etdiklərinə baxmayaraq, fəaliyyətimizi davam etdirməliyik. Çünki "Bakı-Xəbər"in mövqeyi haqlıdır, obyektivdir. Biz hər zaman öz yolumuzla gedəcəyik" - deyə bildirən F. Ələkbərli qeyd etdi ki, Facebook-un bu əməlləri beynəlxalq aləmdə ifşa olunmalıdır.
Qeyd edək ki, xeyli bir müddətdir “Bakı-Xəbər” qəzetinin eyni adlı saytından (baki-xeber.com) paylaşılan yazılar sosial mediada dərhal və səbəbsiz olaraq silinir. Bu, xüsusilə də Facebook sosial platformasında daha açıq formada müşahidə edilir.
"Bakı-Xəbər", xüsusilə İlon Maskın Avropa Komissiyası ilə digər sosial şəbəkə platformalarının rəhbərləri arasında gizli sövdələşmə olduğu barədə X hesabındakı paylaşımını yaydıqdan sonra baki-xeber.com saytının yazılarının Facebook-da silinməsi daha da intensivləşib, yazılara blok qoyulur.
İradə SARIYEVA