Alim, yazıçı Sadıq Qurban oğlu Qarayevin “Azərbaycançılıq məfkurəsi” kitabı nəşr edilib
“Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N” saylı qəhrəmanlıq” elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır.
“Azərbaycançılıq məfkurəsi” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir.
II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır.
III və IV fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzəfəlirinə işıq salmaq dayanır. V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır.
VI fəsildə oxucu “Ömür lövhələri” adlanır və bir insanın - bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun yazıçı təxəyyülündə əks olunan xatirələri ilə tanış olur. Kitabın redaktoru Sima Cəfərova, Korrektor: Esmira Fərəcova, Dizaynı: 10-cu sinif şagirdləri: Nəzrin Qarayeva, Əli Qarayev, Məmizadə Fatimə, Şabanova Rəyyandır.
Ülviyye GÜLBABAQIZI