Volker Türk BMT-də Azərbaycana qarşı niyə belə etdi?..
Əli Mustafa: “Volkerin məsələlərə yanaşması tamamilə qərəzlidir”
Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edir. Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırıb.
Qeyd edək ki, V.Türk türk əsillidir və 1965-ci ildə Avstryada doğulub. 1991-ci ildən başlayaraq insan hüquqları ilə bağlı müxtəlif qurumlarda çalışır. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Ermənistan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorqyanın sualını cavablandırarkən deyib ki, keçən il ermənilərin Dağlıq Qarabağ ərazisindən qovulması (!) hamımızı narahat etdi.
Əslən türk olan birisinin 2023-cü ilin sentyabrında Qarabağda baş verənlərlə bağlı belə qərəzli mövqe sərgiləməsi təəccüb doğurur. Ümumiyyətlə, onun iddialarının hansısa əsası varmı?
“Ermənilər Qarabağı könüllü tərk etdiyi halda, Qərbi Azərbaycandan soydaşlarımız 200 il ərzində ...”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Volkerin dediklərinin əsası yoxdur: “Məsələ ondadır ki, 2023-cü ilin sentyabrında Qarabağdan etnik ermənilər zorla qovulmayıb. Onlar öz şəxsi istəkləri ilə bölgəni tərk ediblər. Həmin vaxt etnik ermənilərə qarşı yox, oradakı qanunsuz hərbi birləşmələrə qarşı hərbi əməliyyatlar keçirilib. O birləşmələr ki, 2020-ci ilin noyabrında Rusiya sülhməramlıları Qarabağa yerləşəndə oranı tərk etmədilər. Bunun əksinə olaraq silahlandılar, yeni-yeni postlar quraraq təxribat fəaliyyəti ilə məşğul olmağa başladılar. Ərazilərdə minalar basdırırdılar. Ona görə də Azərbaycan tərəfinin antiterror əməliyyatları keçirməsi vacib və qaçılmaz idi. Heç bir ölkə istəməz ki, ərazisində boz zonalar olsun və orada qanunsuz silahlı qruplar fəaliyyət göstərsin. Ona görə də aparılan antiterror əməliyyatları Azərbaycanın suveren hüququ idi. Digər tərəfdən, Azərbaycan tərəfi Qarabağ ermənilərinin geri qayıtmasına qarşı deyil. Söhbət işğal dövründə ora köçürülən ermənilərdən yox, Qarabağda doğulan ermənilərdən gedir. O şərtlə ki, onlar Azərbaycan qanunlarını qəbul etsinlər. Bununla paralel, Ermənistandan qovulan etnik azərbaycanlıların öz yurdlarına geri dönüşü təmin edilsin. Ermənilər Qarabağı könüllü tərk etdiyi halda, Qərbi Azərbaycandan soydaşlarımız 200 il ərzində zorakılığa məruz qalaraq qovulub. Ona görə də Volkerin məsələlərə yanaşması tamamilə qərəzlidir. O, məsələlərin mahiyyətini ətraflı öyrənmədən yanlış mövqe sərgiləyir. Qarabağ ermənilərindən bəhs edən Volker yaxşı olardı ki, Qərbi Azərbaycandan qovulan azərbaycanlılardan da danışsın. Çünki bu məsələlər bir-biri ilə üzvi şəkildə bağlıdır”.
Vidadi ORDAHALLI