ABŞ hərbi komandanlığı Azərbaycan Ordusu barədə bu cümlə ilə nə demək istədi...
Elxan Şəxəliyev: “Bu gün üçün Azərbaycan Cənubi Qafqazda malik olduğu güclə regional sabitliyə töhfəsini verir”
ABŞ Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Bu barədə komandalığın "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib:
"Silahlı Qüvvələr gününüz mübarək, Azərbaycan! Biz sizin ordunun regional sabitliyə verdiyi töhfəni və güclü tərəfdaşlığımızı alqışlayırıq".
Söhbət Azərbaycan Ordusunun regional sabitliklə bağlı verdiyi hansı töhfədən gedir?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın Avropa komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlığı da mövcuddur: “Ən azından ABŞ, Avropa komandanlığının heyətləri Azərbaycana səfər edirdilər, qarşılıqlı təlimlərdə iştirakı və planlamanı həyata keçirirdilər. Burada əslində əməkdaşlıq hissəsində ABŞ ilə Azərbaycanın silahlı qüvvələrinin əməkdaşlığı maraq kəsb edir. Bu gün üçün Azərbaycan Cənubi Qafqazda malik olduğu güclə regional sabitliyə töhfəsini verir. Cənubi Qafqazda silahlı qüvvələrin güc nisbətini götürəndə qlobal indeksə görə Azərbaycan 59-cu yerdədi. Ermənistan 102, Gürcüstan isə 86-cı yerdədi. Bu fərqin üzərindən Azərbaycanın Cənubi Qafqazdakı mövcud vəziyyətə verəcəyi töhfənin silahlı qüvvələrimizdən asılı olacağına işarə edirlər. Yəni müharibənin olmaması üçün, yenidən Ermənistanı, qonşu ölkələri Azərbaycana qarşı iddialardan çəkindirmək üzərinə mesajdır. Hərbi gücümüzü, əməkdaşlığımızı bildikləri üçün düşünürlər ki, Cənubi Qafqazda sülhün olmasının əsas dayaqları Azərbaycan Silahlı Qüvvələridir. Ona görə də daimi sülh olmasında Azərbaycanın yanında olduqları ilə bağlı mesajlar verirlər”.
Ekspertin sözlərinə görə, bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir:
“Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır”.
Məhəmmədəli QƏRİBLİ