Qarabağlı müəllimləri başa düşdük, bəs Lənkəran və Astara müəllimləri niyə belə etdilər?..
Elmin Nuri: “Bir müəllim bölgəsindən asılı olmayaraq zəif nəticə göstəribsə, o hazırlıqsızdır və pedaqoji prosesin öyrənilməsi ilə bağlı öz üzərində işləməyib”
Hər bir ölkənin təhsilinin keyfiyyət səviyyəsini ölçən meyarlar var. Bu meyarlardan biri də pedaqoji işçilərin sertifikasiyaya cəlb edilməsidir. Məlumdur ki, ölkədə müəllimlər sertfikasiya prosesinə cəlb olunur.
Qeyd edək ki, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Maraqlı məqam ondan ibarətdir ki, Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinq zamanı deyib. Qarabağ bölgəsində çalışan müəllimlərin sertifikasiyada zəif nəticə göstərməsi anlaşılandır, ancaq Cənub və Mərkəzi Aran Regional Təhsil idarələrində çalışan müəllimlərin aşağı nəticə göstərməsi maraqlıdır.
“Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlərin sertifikasiya imtahanlarında daha zəif nəticə göstərməsi ortalama göstəricisi ilə bağlıdır”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən insan resursları mərkəzi müəllimlərin sertifikat prosesi ilə bağlı statistik rəqəmləri, vacib məlumatları açıqlayır: “Həmin məlumatlara əsasən biz ölkə müəllimlərinin nəticələri haqqında informasiyalı oluruq. Məlumdur ki, ibtidai sinif, azərbaycan dili, riyaziyyat və xarici dil fənn müəllimləri sertifikasiya prosesinə cəlb olunub. 4000-ə yaxın müəllim təkrar sertifikasiya prosesinə cəlb olunsa da, nəticə ürəkaçan olmadı. 402 müəllim isə imtahan prosesində iştirak etmədiyi üçün avtomotik olaraq müsabiqədən keçməmiş sayılır. Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlərin sertifikasiya imtahanlarında daha zəif nəticə göstərdiyi bildirilir. Bununla bağlı deyə bilərəm ki, bu, ortalama göstəricisi ilə bağlıdır. Lənkəran və Astarada sertifikasiya prosesinə çox müəllim qoşulub. Çünki bu bölgədə təhsil verənlər çoxdur. Bu müəllimlərin ortalama göstəricisi kəmiyyət böyük olduğu üçün elə görünür. Bir müəllim bölgəsindən asılı olmayaraq zəif nəticə göstəribsə, o hazırlıqsızdır və pedaqoji prosesin öyrənilməsi ilə bağlı öz üzərində işləməyib. Onu da nəzərə almaq lazımdır ki, imtahanda iştirak edənlər müəyyən dərəcədə həyəcanlı olur. Ancaq həyəcan o qədər də yüksək səviyyədə deyil”.
Günel CƏLİLOVA