Ötən il 3,5 AZN idi, indi 7,30 olub - bahalaşma durmadan gedir...
Xalid Kərimli: “Tələbatın yüksək olması qiymət artımına səbəb olub”
Su həyat deməkdir. Bütün canlıların yaşaması üçün suya ehtiyacı olduğuna görə bəşəriyyət yaranandan bu qida növü həyatda ən vacib amillərdən sayılır. İçməli suyun satış qiymətində süni şişirmələr də məhz bu səbəbdən yolverilməzdir.
Lakin təəssüf ki, hazırda şəhərimizin marketlərində qazsız içməli sular istehlakçılara müxtəlif qiymətlərə təklif olunur və həmin suların qiyməti ötən illə müqayisədə artıb. Belə ki, 1 il əvvəl 3.50 manata satılan 19 litrlik sular hazırda 7.30 manata satılır.
İpəksu – 4.20-5.50 manata yüksəlib.
Slavyanka – 4.80 manatdan 6 manata qalxıb
Badamlı – 7.30 manat olub.
Sirab – 7.20 manata təklif olunur.
Aquavita – 3.50 manatadır.
Qiymət artımı digər sularda da müşahidə olunur.
“Su ünvana çatdırılarkən nəqliyyat xidmətindən istifadə olunur, bu da əlavə xidmət sayılır”
Qiymət artımı barədə fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda içməli suya tələbat yüksəkdir. Mövsum vaxtı suya tələbat artır, insanlar daha çox evlərə, ofislərə içməli su sifariş verir. Tələbatın yüksək olması qiymət artımına səbəb olub: “Nəzərə almaq lazımdır ki, su çatdırılarkən müəyyən xərc sərf olunur. Su ünvana çatdırılarkən nəqliyyat xidmətindən istifadə olunur. Bu da əlavə xidmət sayılır”.
Həmsöhbətimiz hesab edir ki, iştirakçılar bazara girmək üçün qiymətdə müəyyən dəyişiklik etməlidir. Bazar rəqabəti sevir: “Elə su şirkətləri var ki, illərdir bazarda öz sözlərini deyib və tələbatın yüksək olduğunu nəzərə alaraq onlar mövsum vaxtı qiyməti qaldırıb. Azad bazar iqtisadiyyatı şəraitində qiymətə heç bir dövlət orqanı müdaxilə edə bilməz. Qiymət sərbəstdir. Hazırki su şirkətlərinin qiymət artımı isə sünidir”.
Günel CƏLİLOVA