“Novostroyka" liftləri ölüm mənbəyinə çevrilib - MTK-lar kimsəni saymır, nəzarətçi orqanlar isə...
Elman Nurəliyev: "Liftin həddən artıq yüklənməsi onun istismar müddətinin vaxtından tez başa çatmasına səbəb olur"
Ölkəmizdə aktual mövzulardan biri də lift problemidir. Paytaxtda köhnə binalarla yanaşı, hündürmərtəbəli binaların da lift sistemi yararsız vəziyyətdədir. Biz tez-tez insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, sakinlərin liftin şaxtasına düşməsi haqqında xəbərlər eşidirik.
Məlumat üçün bildirək ki, son bir həftə ərzində iki lift qəzası baş verib. Belə ki, 13 iyun tarixində Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə 7 nəfər xəsarət alıb.
Növbəti bədbəxt hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Qeyd edək ki, binada liftin qırılaraq şaxtaya düşməsi ilk hadisə deyil. Qanunla liftlərin istismar müddəti 3 ildir. Qaydalara görə, təhlükəsizlik baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Beləliklə, fəaliyyətə yararlı olub-olmaması müəyyənləşdirilir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır.
"Lift qırılıb şaxtaya düşürsə, bu ondan xəbər verir ki, lift ya köhnədir, ya da zamanında zəruri texniki xidmət və təmir görməyib"
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, liftlərə texniki qulluq və istismar qaydalarına əməl edilməsi olduqca vacib məsələdir: “Nəzərə almaq lazımdır ki, lift qəza risqi yüksək olan texniki vasitələrdən biridir. Buna görə də liftlərin istismarı zamanı təhlükəsizlik məsələsi ön planda olmalıdır. Liftin istismarına cavabdeh şəxs olmalıdır və liftdə təmir işinin aparılması, nasazlığın aradan qaldırılması qeydiyyatdan keçmiş, ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Adətən liftin əyləc sistemində, yük daşıyan kabellərdə (“tros”), elektrik sistemində nasazlıq olduqda, istismar müddətini başa vuran liftdən istifadə edildikdə, yaxud təmir zamanı işlənmiş, aşağı keyfiyyətli hissədən istifadə olunduqda, həmçinin normadan artıq yüklənmə olduqda qəza baş verə bilər. Məlumat üçün deyim ki, liftin əsas “tros”u qırılanda kabinanı köməkçi “tros” saxlayır, o da qırıldıqda kabinanın əyləc sistemi işə düşür. Lift qırılıb şaxtaya düşürsə, bu ondan xəbər verir ki, lift ya köhnədir, ya da zamanında zəruri texniki xidmət və təmir görməyib. Liftlərin qırılmasında onların normadan artıq yüklənməsi də mühüm rol oynayır. İnsan daşınması üçün nəzərdə tutulan kabinaya bəzən ağır yüklər yığılır. Belə hallara, əsasən, təmir üçün istifadə edilən tikinti materiallarının daşınması zamanı rast gəlinir. Liftin həddən artıq yüklənməsi onun istismar müddətinin vaxtından tez başa çatmasına səbəb olur".
Günel CƏLİLOVA