Dünya palma yağının ziyanlarından danışır, biz onun idxalını 2 dəfə artırırıq...
Palma yağının orqanizm üçün zərərli olub-olmaması ilə bağlı müxtəlif məlumatlar var. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatda sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyası birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə edilir.
Vurğulanır ki, digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir. Doymuş yağlar isə orqanizm üçün zərərli hesab edilir.
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq iki dəfə çoxdur. Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində 899 ton (bir il əvvəlki göstəricidən 84,6 faiz az), Rusiyadan 59 min ABŞ dolları dəyərində 42,6 ton və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb. Qeyd edək ki, yerli və xarici ekspertlər mütəmadi olaraq palma yağının ziyanlı olması ilə bağlı məlumatlar yayır. Ancaq buna baxmayaraq palma yağının idxalı artır. Maraqlıdır, palma yağının idxalının artmasına səbəb nədir?
Eyyub Hüseynov: "Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır"
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə qida ilə bağlı ciddi problemlər var: “Danılmaz faktdır ki, Azərbaycan istehlakçıları digər ölkələrlə müqayisədə apteklərə çox üz tutur. Xəstəxanalarda həkim qəbulunda növbələr yaşanır. Son illər xəstəliklərin artması əslində istifadə olunan qidanın keyfiyyəti ilə bağlıdır. Əksər dünya ölkələri uzunömürlüyünə görə Azərbaycandan öndədir. Bunun da səbəbi, təbii ki, keyfiyyətsiz qidalardır. Keyfiyyətsiz qidalara yağ, çörək, şirniyyat, müxtəlif növ içkilər və digərləri daxildir. Məlumat üçün bildirim ki, palma yağları iki cür olur: palmanın toxumu və gövdəsindən hazırlanan yağlar. Toxumdan hazırlanan yağlar normaldır, Avropa bazarında da satılır. Ancaq gövdəsindən və yarpağından hazırlanan yağlar sənaye üçündür. Təəssüf ki, bizdə bu yağlar sərbəst şəkildə satılır. Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır".
Akif Nəsirli: "Palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır"
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli"Bakı-Xəbər"ə şərhində bildirdi ki, palma yağı palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağıdır. Palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır: "Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar”.
Günel CƏLİLOVA