Səhhətində ciddi problemləri olanlar Həccə niyə buraxılır - həccdə ölmək üstünlük gətirirmi...
Tural İrfan: “İslam dininə görə Həccə tam sağlam adamlar getməlidir”
Bu il Səudiyyə Ərəbistanına dünyanın hər yerindən 1,8 milyon insan gələrək həcc ziyarətində iştirak edir. Məkkədə temperaturun 52 dərəcəyə qalxması səbəbindən həmin insanların bir qismi həyatını itirib. Məlumatlara görə, həcc ziyarəti zamanı ölən zəvvarların sayı mini ötüb.
Maraqlıdır, həcc ziyarəti ilə bağlı müəyyən qadağalar tətbiq oluna bilərmi? Sağlığında problemi olan, müəyyən yaşa çatan şəxs ziyarətə getməsi qadağan oluna bilərmi?
“Qonaqların təhlükəsizliyi baxımından belə isti mövsümdə məhdudiyyətlər olmalıdır, qoca, xəstə, zəif adamlar getməməlidir”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Səudiyyə Ərəbistanı hökuməti müsəlmanların şəraitini, aqibətini yox, yalnız pul qazanmağı düşünür və Həcci aşkar formada biznesə çeviriblər: “Qonaqların təhlükəsizliyi baxımından belə isti mövsümdə məhdudiyyətlər olmalıdır, qoca, xəstə, zəif adamlar getməməlidir. Həcc ziyarət yox, ibadətdir. Bu ibadətin fəlsəfəsi, hikməti odur ki, insan Allahın hüzurunda olmasını hiss etsin. Peyğəmbər buyurur ki, Həcc kiçik qiyamətdir. Qiyamətə də gərək hər kəs hazır olsun. Hazır olmayan adamın nə işi var orada?”
Ilahiyyatçının sözlərinə görə, İslam dininə görə Həccə tam sağlam adamlar getməlidir. Müsəlman ölkələri təəssüf ki, hələ də orta əsr təfəkküründədir: “Həccə gedənlər hava şəraitini, yaşlarını, xəstəliklərini, Səudiyyə Ərəbistanının iqlimini nəzərə almalı idilər. Bunu etməyiblər, gediblər, sonda da fəlakət baş verib. İslam dininə görə səhhətində problem olmayan şəxslər ziyarətə gedə bilər. Amma indi kimin pulu varsa, o gedir. Nəzərə almırlar. Dini, şəriəti bilən, bütün başqa ibadətləri yerinə yetirmiş olan, qohum qonşusunda ac kasıb qalmamış adam, borcu olmayan şəxslər gedə bilər. Haqsızlıq etdiyi adamlardan halallıq almamış Həccə gedilir. Bəziləri şaiə yayır ki, guya orada ölən Cənnətə gedir və sair. Elə bir şey yoxdur. Hamı hesaba çəkiləcək, günahına cavab verəcək. Ölkəmizdə də gərək bu tətbiq olunsun. Hər yetən, hər pulu olub sağlığı, imanı olmayan gedə bilməsin”.
Günel CƏLİLOVA