"Azərbaycan ilə Rusiya arasında humanitar və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir" - Prezidentin köməkçisi
Bu gün bizim yaşadığımız dünyada nəqliyyat arteriyalarına tələbat gündən-günə artır. Coğrafi mövqe və nəqliyyat infrastrukturuna böyük həcmdə sərmayələr Azərbaycana Avrasiya qitəsində nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclasında deyib.
Rusiya-Azərbaycan münasibətlərindən danışan Prezidentin köməkçisi vurğulayıb ki, humanitar və təhsil sahələrində əməkdaşlıq da uğurla inkişaf edir. O deyib: “Azərbaycanda Lomonosov adına MDU-nun filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı uğurla fəaliyyət göstərir. Hamıya məlumdur ki, Azərbaycanda rus dilinə qayğı ilə yanaşılır. Təxminən 40 məktəbdə 40 mindən çox uşaq rus dilində olan sektorlarda oxuyur. Azərbaycanın universitetlərində rus dili bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Cari ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçiriləcək. Çoxsaylı mədəni tədbirlərin təşkili də nəzərdə tutulur. Əlbəttə, bütün bunlar ölkələrimizin dost xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək”.
Hikmət Hacıyev əmin olduğunu bildirib ki, iki dövlətin liderlərinin ardıcıl siyasəti sayəsində ölkələrimiz arasında münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcək və yeni məzmunla zənginləşəcək.
ZÜMRÜD