Putindən Ukraynaya təklif və xəbərdarlıq - şərtlərimiz sonsuza qədər keçərli olmayacaq...
Vyetnamda səfərdə olan Rusiya prezidenti Putin növbəti dəfə Ukraynaya mesaj göndərib. Rusiya heç vaxt danışıqları rədd etmədiyini deyən Putin 2022-ci ildə İstanbulda əldə olunan razılaşmaların Ukrayna üçün də məqbul olduğunu bildirib.
"Ona görə də Ukrayna tərəfi ilə dialoqu İstanbul və Minsk danışıqları əsasında davam etdirə bilərik. İstəsələr danışıqlar günü sabah başlaya bilər. Rusiyanın təklifləri artıq masadadır" - Putin deyib.
Ötən həftə Ukraynaya təklif etdiyi sülh şərtlərinə toxunan Putin Rusiyanın hər zaman danışıqlara açıq olduğunu, Kiyevin və onun qərbli tərəfdarlarının həm Minsk prosesini, həm də İstanbul danışıqlarını sabotaj etdiyini bildirib. Putin açıqladığı şərtlərin sonsuza qədər keçərli olmadığı barədə xəbərdarlıq da edib: "Şərtlərimiz meydandakı vəziyyətə görə dəyişəcək".
Qeyd edək ki, Putin bu yaxınlarda bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyedən hərbi birləşmələrini çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəksə, danışıqlara başlaya bilərlər. Kiyev administrasiyası isə bu təklifi "cəfəngiyyat" adlandırıb.
TAHİR