25 ildə Azərbaycan bələdiyyələri bircə dənə orta məktəb yaratmadı...
Kamran Əsədov: “Bələdiyyə məktəblərinin olması idarəetmədə əlçətanlığı asanlaşdıracaq”
“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. Bu barədə Nazirlər Kabineti qərar verib. Nizamnaməyə əsasən, bələdiyyə tərəfindən ümumi təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.
Qeyd edək ki, 1999-cu ildən etibarən Azərbaycanda bələdiyyə yaradılsa da, onların nəzdində olan məktəb yaradılmayıb. Məlumdur ki, bir sıra ölkələrdə, o cümlədən, qonşu Türkiyədə belə bələdiyyə məktəbləri var. Ancaq Azərbaycanda bələdiyyə məktəbləri hələ də yaradılmayıb.
“Bələdiyyə məktəbləri sayəsində Bakı və Abşeronda müşahidə olunan şagird sıxlığının qarşısı alınacaq”
Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, orta ümumtəhsil müəssisələrinin nizamnaməsi 2011-ci ildə qəbul edilib və bunun yenilənməsi lazım idi: “Həmin qanun orta məktəblərin, o cümlədən, bələdiyyə tipli təhsil müəssisələrinin fəaliyyətinə imkan vermirdi. Ancaq ümumtəhsilin yeni nizamnaməsi sahibkarlıq fəaliyyətinə kifayət qədər imkan verir. Məlumdur ki, hazırda ölkəmizdə 4432 dövlət məktəbi var. Bu məktəblərin ciddi gəlir yeri yoxdur. Ancaq indi yeni qanunla həmin təhsil müəssisələrinin bank hesabı, maliyyə fəaliyyətləri olacaq”.
Təhsil eksperti onu da əlavə etdi ki, bələdiyyə məktəblərinin yaradılması gündəmdədir. Bununla da dövlətin yükü azalacaq: “Məlumdur ki, ölkəmizdə bələdiyyə məktəbləri hələ olmayıb. Bunun da səbəbi bələdiyyələrin idarəetmə ilə bağlı yüksək biliyə malik olmamalarıdır. Ancaq bu problem zamanla həll olunar. Nəzərə almaq lazımdır ki, bələdiyyələrin nəzdində kifayət qədər inzibati bina var. Bu binalar sayəsində Bakı və Abşeronda müşahidə olunan şagird sıxlığının qarşısı alınacaq”.
Həmsöhbətimiz hesab edir ki, bələdiyyə məktəblərinin olması idarəetmədə əlçətanlığı asanlaşdıracaq: “Bələdiyyə məktəblərinin olması təhsil müəssisələri arasında rəqabəti artıracaq. Həmçinin, özəl məktəblər arasında da rəqabət mühiti yaranacaq. Yeni qaydalara əsasən 500-ə yaxın bələdiyyə məktəbi olacaq. Hesab edirəm ki, şagird sıxlığı olan ərazilərdə bələdiyyə məktəblərinin olması bir çox problemlərin qarşısını alacaq”.
Günel CƏLİLOVA