Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırdı...
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi məlumat yayıb.
Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi bundan sonra Avropa İttifaqına üzv ölkələrin nazirləri tərəfindən təsdiqlənməlidir. Avropa Komissiyası sanksiyaların Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlardan öncə qüvvəyə minməsinə çalışır.
Yeni sanksiyaların məzmunu açıqlanmasa da, Rusiyadan maye qaz tədarükünə və helium idxalına məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir. Layihədə, həmçinin Rusiyanın neft tankerləri donanmasına sanksiyaların tətbiqi və Moskvanın “ikili təyinatlı texnologiyalara” girişinin məhdudlaşdırılması nəzərdə tutulur.
Brüssel, eyni zamanda 20-dən çox fiziki şəxsi və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir. Fiziki şəxslərə tətbiq olunan məhdudiyyətlər onların Avropa İttifaqı ərazisinə girişinə qadağa qoyulmasını və aktivlərinin dondurulmasını ehtiva edəcək.
ZÜMRÜD