Çinin robot-itləri ABŞ-ı qorxutdu - Konqres hərbi büdcədə dəyişikliyə gedir...
ABŞ Konqresi yaxın gələcəkdə Çinin odlu silahlarla təchiz olunan robot-itlərinin mümkün döyüşlərdə istifadə oluna biləcəyindən narahatlığını ifadə edib.
“Defence News” nəşri yazır ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi büdcə layihəsinə düzəlişlər təklif edib. Düzəlişlər Pentaqonu gələcəkdə baş verə biləcək mümkün münaqişələrdə Çinin silahlarla təchiz olunan robot-itlərdən istifadə edilməsi təhlükəsinin qiymətləndirilməsinə yönəlib. Qanunvericilər belə robotların “ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcəyindən” qorxurlar.
Aşağı palatada yekdilliklə dəstəklənən dəyişikliyin bundan sonra bir neçə həftə ərzində Senat tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, Çin bu mövzu ilə bağlı video yayımladıqdan sonra amerikalı konqresmenlər robot-itlərlə mübarizə ilə bağlı vəziyyətə diqqət yetirmək qərarına gəliblər. May ayında yayımlanan videoda avtomatik tüfənglə silahlanan 15 kiloqramlıq robot-it nümayiş olunub. Robotu idarə edən çinli əsgər qurğunun avtonom şəkildə bir çox tapşırıqları yerinə yetirə bildiyini və şəhər mühitində döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulduğunu deyib.