Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəsmi açıqlamasında deyilir ki, Türkiyə Prezidenti Ermənistanın şimal rayonlarında ötən günlərdə baş vermiş sel fəlakəti ilə bağlı Nikol Paşinyana başsağlığı verib.
Hər iki lider Türkiyə-Ermənistan münasibətlərin ilkin şərtsiz tam şəkildə normallaşdırılması istiqamətində siyasi iradənin mövcudluğunu vurğulayıb. Telefon danışığı zamanı xüsusi nümayəndələr səviyyəsində danışıqların davam etdirilməsinin vacibliyi qeyd olunub, indiyədək razılaşdırılmış məsələlər təsdiq edilib.
Liderlər həmçinin, Türkiyə və Ermənistanın yüksək səviyyəli dövlət rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər. Telefon danışığında regional və beynəlxalq proseslər də müzakirə predmeti olub.
Mətləb Salahov