Gömrük Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edib.
Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə açılış nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Q. Novruzov əsası 30 il bundan əvvəl qoyulan siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə Azərbaycan dövlətinin bu gün tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşadığını vurğulayıb. O, həmçinin Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi - 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının ölkəmizin müstəqillik tarixində ən önəmli hadisələrdən biri olduğunu qeyd edib.
Daha sonra tədbirdə tələbələrin Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, dövlətimizin quruculuğunda, möhkəmləndirilməsində və inkişafında dahi liderin müstəsna xidmətləri mövzusunda məruzələri dinlənilib.
Sonda Milli Qurtuluş Gününə həsr edilən videoçarx və bədii kompozisiya nümayiş etdirilib.