Astara Pedaqoji Kollecində Milli Qurtuluş Günü qeyd olundu
Astara Pedaqoji Kollecində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təşkil olunan tədbirdə əvvəlcə 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca dövlət himni səslənib.
Tədbiri açılışını edən kollecin direktoru, professor, şəhid atası K.Kazımov deyib: - Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında onun siyasi kursu və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Azərbaycanın işıqlı və firavan gələcəyinə tam inanmaq olar. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Natiq böyük maraqla dinlənilən çıxışının davamında bildirib: “Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi altında daha yüksək zirvələr fəth edəcək”.
Kollecin Tədris-hissə müdiri Günel Hacıyeva, Psixologiya müəllimi Elnarə Məhərrəmova çıxışlarında qeyd ediblər ki, həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Zəfər ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalisı”, “İlin vətənpərvər adamı”, “Azərbaycan bayrağı” laureatı