Dondurmalarda sağlamlığa təhlükəli bakteriyalar aşkarlandı...
Eyyub Hüseynov: “Dondurmalarda aşkar olunan bakteriya mədə-bağırsaqda ciddi problemlərə səbəb ola bilər”
Havaların isinməsi ilə dondurma mövsümünə də start verilib. Xüsusilə uşaqlar dondurma yeməyə daha meyllidirlər. Lakin qida sektoru üzrə mütəxəssislər bildirir ki, dondurmanın ləzzəti qədər təhlükəsi də ola bilər. Bu, təkcə onun soyuq olması ilə bağlı deyil, digər nüanslar da var.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Belə ki, monitorinq zamanı cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Qeyd edək ki, uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma,
"Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma,
"Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma
“İCE Dream” əmtəə nişanlı dondurma
"Yolka" əmtəə nişanlı dondurma
"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma
“Zoluşka” əmtəə nişanlı dondurma
"Selena" əmtəə nişanlı çiyələkli dondurma
“Qoşa Qapı” əmtəə nişanlı dondurma
"Naturalika" əmtəə nişanlı dondurma.
Adıçəkilən dondurmaların istehlaka yararsız olduğu müəyyən edilib.
“İstehlakçıların verdiyi məlumatlara görə, dondurmanı istehlak edən zaman boğazda acılıq verir, bu o deməkdir ki, həmin dondurmanın istehsalında….”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AQTA-nın yaydığı bu məlumat təqdirəlayiqdir: “Bu çox yaxşıdır ki, artıq müəssisənin adı deyilir, malın adı çəkilir. Çünki istehlakcılar AQTA-nın belə məlumatlarından sonra mənə sonsuz sayda zənglər vururlar ki, harada satıldığı, hansı mal olduğu gərək bizə deyilsin ki, biz onu tanıyaq. Bu, çox yaxşı cəhətdir. Bu alqışlanmalıdır. Nəzərə almaq lazımdır ki, dondurmanın istehsalında tam kərə yağından istifadə olunur. Lakin bəzi hallarda standartlar və yaxud texniki şərtlər daxilində bitki yağından da istifadə oluna bilər. Bitki yağlarının içərisində kokos yağı ən üstündür. Digər bitki yağlarından dondurmada istifadəyə dair texniki şərt və ya standart yoxdur. Lakin istehlakçıların verdiyi məlumatlara görə, dondurmanı istehlak edən zaman boğazda acılıq verir. Bu o deməkdir ki, həmin dondurmanın istehsalında ya vaxtı keçmiş kərə yağından, ya da bitki yağlarından istifadə olunub. İstehlakçılar tərəfindən gələn zənglərdə əsasən deyirlər ki, istehsalçılar qışda külli miqdarda dondurma istehsal edirlər, daha sonra onlar bazara çıxarılır, vaxtı keçmiş dondurma olur".
Ekspert onu da əlavə etdi ki, dondurmalarda aşkar olunan bakteriya mədə-bağırsaqda ciddi problemlərə səbəb ola bilər.
Günel CƏLİLOVA