Medvedyevdən Qərb sanksiyalarına qarşı təhlükəli təklif - onlara qarşı çıxan ölkələri silahlandıraq...
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarını dəyərləndirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Moskvanı cavab addımları atmağa çağırıb.
Belə ki, Medvedyev Qərbə qarşı çıxan ölkələri silahlandırmağı təklif edib. "Biz necə reaksiya verə bilərik? Hər gün ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vurmağa çalışmalıyıq. Onlar (Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr) Qərbin düşmənlərini silahlandıracağımızdan qorxurlar?
“Hələlik biz onlara (Qərbə qarşı çıxan ölkələrə) nüvə silahı istisna olmaqla, bütün mümkün silah növlərini verməliyik. Düşmənimizə qarşı heç bir qayda olmamalıdır. Onlar Rusiyaya zərər vurduqlarına görə əziyyət çəkməlidirlər” - deyə Medvedyev bildirib.
Qeyd edək ki, iki gün əvvəl ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdiklərini və təxminən 300 nəfərin və şirkətin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.
TAHİR