Bank rəhbərləri fantastik maaşlar alır - ildə 350 min manat? Bu hələ maaşdır...
Əkrəm Həsənov: “Bank sektorunda yüksək vəzifədə çalışanların həmin yerə necə təyin olunması araşdırılmalıdır”
Hər bir kəs istəyər ki, uğurlu karyeraya sahib olsun. Bu karyera ona həm nüfuz, həm də rahat həyat təmin edə bilsin. Son illərin təcrübəsi göstərir ki, bank sektoru bu sahədə ən uyğun sayılır. Çünki bu işin gətirdiyi nüfuz bir yana, maddi təminatı da ürəkaçandır.
Bank sektorunda çalışan sıravi işçilər 1000 manatdan artıq əmək haqqı alır, rəhbər heyətlərdə çalışanların isə aylıq gəliri qat-qat yüksəkdir. Bu günlərdə Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyinin illik gəliri haqda mediada məlumat yayıldı. Məlum oldu ki, vaxtilə dövləti çox böyük məbləğdə borca salan bu bankın rəhbərliyində təmsil olunan şəxslər orta hesabla ildə 350 min manata yaxın məvacib alır. Bu məbləğ sosial mediada müzakirələrə səbəb oldu.
“Özəl şirkətlər maaş təyinində sərbəstdir, heç kim onlara deyə bilməz ki, sən niyə çox əmək haqqı verirsən və ya az”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, maliyyə sektorunda əmək haqqı hər zaman yüksək olub. Adətən banklar peşəkar kadrlarla çalışır. Peşəkar kadrın qiyməti də bahadır: “Ancaq əmək haqqı şəffaf olmalıdır. Yəni dövlətdən kim nə alırsa bilinməlidir. Dövlət şirkətlərinin əmək haqqısını hər kəsə açıq olmalıdır. Özəl şirkətlər maaş təyinində sərbəstdir, heç kim onlara deyə bilməz ki, sən niyə çox əmək haqqı verirsən və ya az”.
Ə.Həsənov bildirdi ki, bank sektorunda yüksək vəzifədə çalışanların həmin yerə necə təyin olunması araşdırılmalıdır: “Müsabiqə olubmu, şəxsin savadı, təcrübəsi yoxlanılıbmı? İşçi bütün şərtlərə cavab verirsə onun əmək haqqısı yüksək olmalıdır”.
Günel CƏLİLOVA